Konfrans Liqasındakı təmsilçimiz bu gün pley-off mərhələsində ilk oyununu keçirəcək. “Zirə" liqa mərhələsi üçün səfərdən qələbəylə dönməyə çalışacaq.
Düzdü, cütün taleyi, yəqin ki, cavab oyununda bilinəcək. Lakin bu, birinci matçda da ədalətin qorunmasının vacibliyinə təsir etmir. Bəs komandamızın layiqli nəticə uğrunda mübarizəsi əmin əllərdədi?
Yuri Frişer: estoniyalı hakim karyerasının ilk oyunlarını ölkəsinin aşağı liqalarında keçirib. Tədricən güvən qazanan ədalət təmsilçisi 2011/12 “futbol ili”ndə premyer-liqada debüt edib. FİFA referesi kimi fəaliyyətə isə 2016-cı ildə başlayıb.
O, elita klublarının 218 oyununu idarə edib ki, 210 sarı, 44 qırmızı vərəqəylə futbolçuları üzüb. Frişerin beynəlxalq karyerasını da qənaətbəxş saya bilərik. İndiyə qədər Çempionlar, Avropa, Konfrans və Gənclər Liqalarında şans verilən “fit sahibi” 17, 19, 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsindəki matçlarda və beynəlxalq yoldaşlıq oyunlarında iş başında olub. Bu hakim ilk dəfə təmsilçilərimizdən birinin matçına təyinat alıb.
Ümumiyyətlə, Frişer karyerası ərzində 375 matç idarə edib, bu oyunlarda 1350 sarı, 65 qırmızı vərəqə üçün əlini cibinə atıb.
KƏNAN BAHADIR