"Sabah" üçün tanış Birsan, "Zirə" üçün təcrübəli Veynberger - TƏQDİMAT

15.08.2024 10:32 306
Aktual / Konfrans Liqası
Ölkəmizi Konfrans Liqasında təmsil edən "Sabah" və "Zirə" bu gün 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Bilindiyi kimi, bu matçlar pley-offa vəsiqə qazanmaq baxımından önəmlidi. Üstəlik komandalarımız ilk oyunda qələbə qazanmadığından vəziyyət çətindi. Bəs, belə vacib matçların idarəçiliyi kimə tapşırılıb?

"Football-plus.az"ın ənənəvi hakim təqdimatına keçid alaq.

Marsel Birsan (Sabah - Sent Patriks). 42 yaşlı hakim Buxarestdə dünyaya gəlib. 2012-ci ildən hakim kimi fəaliyyət göstərən Birsan həm də hüquqşünasdı. Karyerasına Rumıniyanın aşağı liqalarında başlayıbsa, 2012-ci ildən premyer-liqa oyunlarına təyinat alır. O, burda idarə etdiyi 160 matçda 837 sarı, 46 qırmızı vərəqə göstərib. Birsan FİFA referisi dərəcəsini 2019-ci ildə qazanıb. Beynəlxalq arenada qazandığı təcrübəni qənaətbəxş saya bilərik. Marsel Çempionlar, Avropa və Konfrans Liqalarında, həmçinin U-17 və U-21-lər arasında Avropa çempionatının seçmə mərhələ oyunlarında tər töküb. Təcrübəli azarkeşlər yaddaşını işə salsa, Marseli xatırlaya bilər. Ona görə ki, ədalət təmsilçisi Avropa Liqasının 2015/16 mövsümündə, 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Çukariçki" - "Qəbələ" matçında dördüncü hakim olub. Maraq üçün qeyd edək ki, həmin oyunda uduzan təmsilçimiz (0:1) "doğma divarlar" arasında qalib gələrək (2:0) mərhələ adlayıb. Özü də indi "Neftçi"ni çalışdıran Roman Qriqorçukun rəhbərliyi altında. Ümumiyyətlə, Marsel indiyə qədər idarə etdiyi 287 matçda 1417 sarı, 82 qırmızı vərəqə göstərib. Düzü, bir az "mərhəmətsiz" rəqəmlərdi.

Yulian Vaynberger (Zirə - Osiyek). 1985-ci ildə doğulan avstriyalı gənc yaşlarından hakimlik edir. 2008-ci ildə ölkəsinin Region Liqasında işə başlayan ədalət təmsilçisi 7 il sonra bundesliqada görünüb. Politoloq, Vyana Dövlət Polis Departamentində polis məmuru və həm də rayon müfəttişi kimi çalışan Vaynberger Avstriyanın yüksək liqasında idarə etdiyi 130 matçda 567 sarı, 35 qırmızı vərəqə göstərib. Yulian 2018-ci ildən bəri FİFA referiləri siyahısındadı. "Qarabağ" və "Sabah"ın matçlarına təyin olunan hakimlərlə müqayisədə daha zəngin beynəlxalq karyeraya malik olduğunu deyə bilərik. Çünki o, Çempionlar, Avropa, Konfrans, Millətlər və Gənclər Liqalarında, həmçinin beynəlxalq yoldaşlıq oyunları, U17, U-19 və U-21-lər arasında Avropa çempionatının seçmə mərhələ və dünya çempionatı görüşündə ədaləti təmsil edib. Çoxsaylı təyinatlara baxmayaraq, Yulianı ilk dəfə hansısa təmsilçimizin matçında görəcəyik. Ümumiyyətlə, Vaynberger indiyə qədər idarə etdiyi 338 oyunda 1534 sarı, 110 qırmızı vərəqə göstərib.

KƏNAN BAHADIR