“Mançester Yunayted” və “Bavariya” arasında aparılan danışıqlar müsbət nəticələnib. Almaniya klubunun müdafiəçisi Matteys de Liqt karyerasını İngiltərədə davam etdirəcək.
“The Athletic” qəzeti MY-nin ona görə 45 milyon avro ödəyəcəyini xəbər verib. Bu mənbəyə görə, De Liqt “Bavariya”ya bonus kimi daha 5 milyon avro qazandıra bilər. 24 yaşlı niderlandlı müdafiəçinin yeni klubu ilə “5+1 il” sxemi üzrə anlaşdığı da məlum olub. Matteys “Bavariya”ya 2022-ci ildə “Yuventus”dan 67 milyon avroya keçmişdi.
Yeri gəlmişkən, "Mançester Yunayted" Bruno Fernandeşlə müqaviləni yeniləyib. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, portuqaliyalı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdi.
Bruno bundan sonra komandada ən çox maaş alan oyunçu olacaq. Fernandeşin həftəlik qazancı yeni müqaviləyə əsasən 350 min funt sterlinq olacaq. O, MY-də 2020-ci ildən çıxış edir.