“Mançester Yunayted” yaxın gələcəkdə rəqiblərini yeni stadionda qəbul edə bilər.
“Football-plus.az” xəbər verir ki, rəhbərlik 100 min tamaşaçı tutumuna malik yeni stadion tikməyi planlaşdırır. Bu haqda xəbəri “The Telegraph” yayıb. Məlumatda klub rəhbərliyinin artıq köhnələn “Old Trafford”un yenidən qurulmasındansa, yeni arenanın inşasını daha məqsədəuyğun variant saydığı bildirilir. Yeni stadionun tikintisi təxminən 6 il çəkə bilər.
Layihənin ilkin dəyəri 2,4 milyard avro qiymətləndirilir. Maraqlıdı ki, yeni idman qurğusu “Old Trafford”a yaxın ərazidə tikilə bilər. Buna klubun həmin ərazidə böyük torpaq sahəsinin olması imkan verir. Bu isə o deməkdi ki, “Yunayted” yeni stadion tikilərkən oyunlarını “Old Trafford”da keçirməyə davam edə biləcək.
Tikinti ilə bağlı yekun qərar bu ilin sonuna kimi mütəxəssislər və azarkeşlərlə məsləhətləşdikdən sonra veriləcək. Yeni arena ilə yanaşı, onun ətrafında parkların salınması da nəzərdə tutulub. Stadiona yaxın ərazidə hotel və ya əyləncə mərkəzinin açılması perspektivi də nəzərdən keçirilir. Qeyd edək ki, oxşar layihələr əvvəllər ABŞ-də həyata keçirilib və çox uğurlu alınıb.