"Futbolçularda tələskənlik və qələbə qazanmaq həvəsi çox idi" - Ayxan Abbasov

14.11.2026 02:25 0
Ölkə futbolu / Manşet
Millimizin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə oyundan sonra mətbuat konfransında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, çalışdırıcı matçı dəyərlındirib:

"Dünən dediyimiz kimi, rəqibin bizimlə ilk oyunda xal aldığını bilirdik və onların burda daha inamlı çıxış edəcəklərini gözləyirdik. Yenə eyni sistem, sıx müdafiə ilə oynamaq və tez qol vurmaq istəyirdik. Əslində, erkən qol da vurduq, ilk dəqiqələrdə təhlükəli epizodlar yaratdıq, qapı dirəyindən qayıdan toplarımız oldu. İstər-istəməz futbolçularda tələskənlik və qələbə qazanmaq həvəsi çox idi. Bu da bizə bir qədər mane olurdu, hücumlarımızı tam rahat şəkildə sonluqla tamamlaya bilmirdik. Lakin ən əsası, bu turnirdə qarşımıza qoyduğumuz məqsəd var idi: birinci yeri tutmaq istəyirdik. Növbəti mövsümlərdə D Liqası keçirilməsə belə, C Liqasına yüksəlmək bizim üçün çox vacib idi. Çempionatın belə gərgin və stresli getdiyi bir vaxtda milli komandaya köklənib bu oyunda qələbə qazandıqları üçün futbolçulara təşəkkür edirəm. Qarşıda Andorra ilə yoldaşlıq görüşümüz qalıb. Çalışacağıq ki, həmin matçda hər kəsə şans verək, çünki komandaya yeni cəlb olunan oyunçular da millinin ab-havasını hiss etməlidi. Hər oyundan sonra mütləq təhlillər aparılır. Düşünürəm ki, Litvadakı görüşdə də qalib gəlməli idik. Komanda orda həqiqətən yaxşı çıxış etmişdi, real qol epizodlarımız var idi. Millinin oyunlarına nəzər salsaq, adətən rəqiblər bizdən üstün olduğu üçün oturulmuş müdafiəyə qarşı nadir hallarda oynayırıq. Məsələn, Litva ilə matçda oyun daha çox orta zonada keçirdi. Həm onlar, həm də biz hücum edirdik. Sıx müdafiəni yarmaq üçün istədiyimiz həmlələri etsək də, son ötürmələr və son zərbələr çatışmadı. Bunu daha çox futbolçulardakı psixoloji gərginliklə əlaqələndirirəm. Hər işdə xeyir var. Turnir başlamazdan əvvəl hədəfimiz qrupda birinci yeri tutub C Liqasına vəsiqə qazanmaq idi. Pley-off mərhələsi isə sonradan yaranan bir məsələ və qismətdi. Martda "FİFA Series" turnirinə başlayarkən komandaya demişdim ki, bu il uduzmamağa çalışaq, çünki rəqiblərin səviyyəsi bizə uyğundu. Təəssüf ki, təkcə Maltaya məğlub olduq. Sevindirici haldı ki, bu gün meydandan məğlubiyyətlə ayrılmadıq. Ehtiyat skamyamızda kifayət qədər yaxşı futbolçular var idi. Sadəcə, Rüfət Abdullazadəni meydana buraxdıqdan sonra planlaşdırdığımız hücumların başladığını gördük və bir az gözləməyə qərar verdik. Çünki oyuna sonradan daxil olan futbolçunun ritmə necə uyğunlaşacağı hər zaman sual doğurur. Daha sonra həm Rüfətin, həm də Toralın yorulduğunu nəzərə alaraq meydana Xəyal və Telluru daxil etdik. Oyun əsasən rəqib meydançasında keçirdi və bizə kəsərli zərbələr lazım idi. Toralın yaxşı zərbələri, Rüfətin isə kəsərli cinah asmaları olduğu üçün onları tez əvəzləmək istəmədik. Bütün addımlar sırf bu amillərlə bağlı idi. Bu gün oyun planımızın əsasını rəqib meydançasında edilən təzyiq təşkil edirdi. Topu itirdikdən sonra dərhal almağı hədəfləmişdik və futbolçular bunu demək olar ki, tam yerinə yetirdilər. Matçın sonuna yaxın qapımıza yalnız bir zərbə vuruldu. Rəqibin təhlükəli əks-hücumlarının, xüsusən də ilk hissədə çox sürətli təsir bağışlayan 7 nömrəli futbolçunun qarşısını almaq tapşırılmışdı. Lixtenşteynin evdə Litvaya qarşı necə mübarizə apardığını bilirdik. Onların əsas məqsədi qol buraxmamaq idi. Buna görə də ilk dəqiqələrdən onların müdafiəsini yarmağa və erkən qol vurmağa çalışdıq. Matçın videogörüntüsünü izlədikdən sonra analizlərimiz və iradlarımız olacaq. Qalib gəldiyimiz oyunda belə iradlar qaçılmazdı. Məsələn, evdə Litvaya qalib gəldiyimiz matçın təhlili iki gün çəkdi. Çoxlu səhvlərimiz var idi. Hətta həmin görüşdə zəif çıxış etdiyinə görə bu toplanışa dəvət edilməyən futbolçular oldu. İstəyirik ki, milli komandada sağlam rəqabət, istək və yüksək məsuliyyət hissi olsun. Qarşılaşmanı yenidən izlədikdən sonra iradlarımızı bildirəcəyik və əsas iradlarımız hücumları dəqiq zərbə ilə tamamlaya bilməməyimizlə bağlı olacaq. Emil Balayevin sarı vərəqə epizoduna gəlincə, düşünmürəm ki, o vəziyyətdə xəbərdarlıq düşürdü. Hakimin bəzi qərarları anlaşılan deyildi. Əslində qaydalara əsasən, topu oyuna daxil etmək üçün müəyyən saniyələr sayılmalıdı. Oyunun sonudu, 90+6-cı dəqiqədə qapıçıya tələsməyi tələb edə bilmərik. Bu, hadisələrin axarına uyğun olaraq futbolçunun daxilindən gələn təbii bir hissdi".