Qurban Qurbanov “Qarabağ”ın 4 ulduzundan imtina etdi! – qarnının ağrısı nədi, Kaşuk?!

14.11.2026 10:54 0
Ölkə futbolu / Manşet
Son 4 matçda qələbəyə həsrət qalan “Qarabağ” 1-ci dövrəni 4-cü pillədə bitirdi. Heç şübhəsiz, bunda əsas rolu 11-ci turda evdə “Turan Tovuz”a qarşı məğlubiyyət oynadı. Ona görə ki, həmin matçda qazanılacaq qələbə “köhlən atlar”ı 2-ci sıraya yüksəldəcəkdi.

Bu qarşılaşmada “bozqurd”un layiqli qələbə qazandığı bəllidi. Ancaq ağdamlıların görüş üçün heyəti ilə bağlı bir sıra məqamlara diqqət yetirməkdə var. Belə ki, bu oyunda meydan sahiblərinin əsas futbolçularından Marko Yankoviç, Mateus Silva, Bəhlul Mustafazadə və Kadi Borges start heyətində yer almadı. Baş məşqçi Qurban Qurbanov onlardan yalnız Silvanı sonradan meydana buraxdı. O başqa məsələ ki, Marko və Mateusun ilk “11-lik”də olmamasının səbəbi 10-cu turda “Qəbələ”nin meydanında keçirilən görüşdə dalaşmaları idi. Əslində Bəhlulla bağlı qərarı da anlayışla qarşılamaq olar. Axı müdafiəçi uzun müddət zədəli idi. Yaxşı, bəs Kadi niyə start heyətində yox idi?

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun məlumatına görə, Kadinin zədəsi olmayıb. Futbolçunun əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında əyləşməsi baş məşqçi Qurban Qurbanovun qərarıdı. Deməli, bu cür gözlənilməz addımın izahı yalnız mütəxəssisin özündə gizlidi.

Daha bir məqam Aleksey Kaşukla bağlıdı. Ukraynalı “Ukrainskiy futbol” nəşrinə müsahibəsinə görün nə deyib:

“Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm. “Qarabağ”la danışıqlarımız oldu, amma konkret nəticəyə gəlmədik. Bununla belə, karyeramda növbəti addımı atmağa açıq idim”.

Böyük ehtimalla, “köhlən atlar” ayrılmaq istədiyini bildirən Kaşuk üçün transfer qiyməti müəyyənləşdirib. Maraqlanan klublar isə həmin məbləği ödəmək niyyətində olmayıb. Belədə vinger “Qarabağ”da qalmalı olub. Lakin Aleksey müsahibə zamanı tam səmimi davranmaqdan imtina edib və özünü “köhlən atlar” üçün əvəzolunmaz futbolçu kimi tanıtmağa səy göstərib.

İndi Ağdam təmsilçisinin düşərgəsində nələrin baş verdiyini bilmirik. Ancaq həmin hadisələrin nəticələrə təsir göstərdiyi göz önündədi. Qurban Qurbanovun bu sınağında öhdəsindən gələ bilib-bilməyəcəyini isə zaman göstərəcək.

KƏNAN BAHADIR