"Turan Tovuz" Berdıyevin tələbini yerinə yetirə bilmədi - klub qış fasiləsində nə etmək istəyir?

22.07.2024 08:45 2 991
Ölkə futbolu / Manşet
"Turan Tovuz"un yeni baş məşqçisi Kurban Berdıyevin komandanın ev oyunlarını keçirdiyi stadionun ot örtüyünü bəyənmədiyini yazmışdıq. Qazonun süni olması türkmənistanlı mütəxəssisdə narazılıq doğurmuşdu.

Bilindiyi kimi, klub yay fasiləsində stadionu təbii ot örtüyünə keçirmək niyyətində idi. Görəsən, bu yöndə proseslər necə gedir?

"Football-plus.az"ın sualını "Turan Tovuz"un İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev cavabladı:

"Ot örtüyü ilə bağlı işlər hələ ki dayanıb. Çünki çempionatın başlamasına az qalıb. İşıqlandırmayla bağlı məsələləri yekunlaşdırmağa çalışırıq. Akademiya binasının inşası isə davam edir. Çox böyük işlər görürük. Qazonun dəyişməsiylə bağlı praktiki hazırlıqlar görülüb. Əslində hər an başlaya bilərik. Hazırda ən aktual məsələ budu. Hətta ola bilər ki, qış fasiləsində prosesə start verilsin".

KƏNAN BAHADIR