Berdıyevin haqlı təlaşı – “Turan Tovuz” mütəxəssisin narazılığına belə cavab verdi

28.06.2024 13:08 2 653
Ölkə futbolu / Manşet
“Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyev klubun bazası və infrastrukturu ilə tanış olub.

İş orasındadı ki, ümumi durum türkmənistanlı mütəxəssisi təlaşlandırıb. O, xüsusilə, stadionun əsas meydançasının süni ot örtüklü olmasından narazıdı.

Xatırlayırsızsa, klubun idarə heyətinin sədr müavini, həmçinin, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev “Football-plus.az”a danışarkən yay fasiləsində qazonun təbii örtüklə əvəzlənməsinə çalışacaqlarını demişdi. Görəsən, bu yöndə irəliləyiş varmı? Ən son yeniliklərlə tanış olmaq üçün Əli bəylə əlaqə saxladıq. Onun dedikləri:

“Nəinki Berdıyev, premyer-liqanın on məşqçisinin onu da süni ot örtüyündə oynamaqdan narazıdı. Çünki hər kəs belə qazonların zədə mənbəyi olduğunu bilir. Çox güman, ot örtüyünün təbiiylə əvəzlənməsi növbəti mövsüm üçün mümkün olmayacaq. Lakin hələ də bir neçə şirkətlə danışıq aparırıq. Çalışacağıq ki, ən qısa zamanda həm Tovuz, həm də Azərbaycan futbolu naminə qazonu dəyişək”.

Qeyd edək ki, “Turan Tovuz” məsələylə bağlı maddi yardım üçün AFFA-ya dəfələrlə müraciət etsə də, qurumdan müsbət cavab ala bilməyib.

KƏNAN BAHADIR