“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Ötən ilin dekabrında Xankəni stadionunda tarixi oyun keçirildi. Azərbaycan kubokunun 1/8 final mərhələsinin dekabrın 21-də Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” – MOİK qarşılaşması “köhlən atlar”ın minimal hesablı qələbəsiylə yekunlaşdı. Amma bu qarşılaşmanın tarixi əhəmiyyəti nəticəni arxa plana keçirmişdi. Hər kəs tərəfindən qəbul edilən bir həqiqət vardı ki, bu oyunda uduzan yoxdu, qalib gələn isə bütün Azərbaycandı. Həmsöhbətimiz həmin tarixi görüşün iştirakçılarından olan MOİK-in baş məşqçisi Qəzənfər Abbasovdu.
- Qəzənfər bəy, ilk sualımızda sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik. Futbola gəlişiniz necə oldu?- Mən Sumqayıtda yaşamışam, uşaqlığım 90-cı illərə təsadüf edib. Bilirsiz ki, o vaxtlar hər bir sahədə çətinliklər var idi. O cümlədən də futbolla bağlı. Futbola getmək, idmanla məşğul olmaq o qədər də asan deyildi. Sumqayıtda futbolla məşğul olmaq üçün şərait, məşq qrupları ancaq Mehdi Hüseynzadə adına şəhər stadionunda var idi. Ora da bizdən uzaqda yerləşirdi. O səbəbdən də mən futbolla peşəkar səviyyədə məşğul ola bilməmişəm, elə həvəskar kimi futbol oynamışam. Futbolçu olmaq arzularım gerçəkləşməyib. Ona görə də futbola həvəsimi məşqçi olmaqla gerçəkləşdirmişəm. Özü də çox gənc yaşımda məşqçiliyə başladım. Artıq 21 yaşımda uşaq komandasını çalışdırırdım.
- Bir az da məşqçi karyeranıza nəzər salaq. İndiyə qədər hansı komandaları çalışdırmısız? Yaddaqalan nəticələrdən hansıları qeyd etmək olar?- Uşaq komandasında məşqçilik edirdim, özümün yaş qrupum vardı və o komandanı yarışlara aparırdım. Amma həmin vaxt da şərait pis idi. İndiki kimi meydança seçimi yox idi, nə süni, nə də təbii örtüklü meydança tapmaq olurdu. Uşaqlara toprağın üstündə məşq keçirdik. Qarşıma məqsəd qoymuşdum ki, bütün bu çətinliklərə dözüm, gələcəkdə böyük komandaları çalışdırım. Bir müddət uşaq futbolunda çalışdıqdan sonra Sumqayıtdakı “Gənclərbirliyi” klubunun uşaq komandalarına dəvət aldım. “Neftçi”nin həm öz uşaq komandalarında, həm də “Neftçi” İdman Klubunda çalışmışam. 2016-cı ildən böyüklərlə işləməyə başladım. “Uğur” Futbol Klubu ilə Həvəskarlar Liqasında çempion adını qazandıq, Azərbaycan kubokunu da qazandıq. Bir il sonra AFFA tərəfindən Region Liqası yaradıldı və biz də həmin liqaya qatıldıq. Orda da məğlubiyyətsiz çempion olduq. Sonra “Region Cup” turnirinə qatıldıq. Ukraynanın Lvov şəhərində 4 komanda bir qrupda mübarizə aparırdı. Növbəti il yenidən Region Liqasında çempion olduq. “Uğur”dakı fəaliyyətimin uğurlu alındığını deyə bilərəm. Sonra bir müddət “Sumqayıt”da aşağı yaş qruplarında da işlədim. Peşəkar futbolda isə ilk dəvəti MOİK-dən aldım. Hazırda da orda çalışıram, çalışıram üzərimə düşəni layiqincə edim. Çalışıram ki, bu komanda ilə də çempion olum.

- Siz ötən qış tarixi oyunun iştirakçılarından birinə çevrildiz. Söhbət “Qarabağ”la Xankəndində baş tutan kubok qarşılaşmasından gedir. İstərdik ki, o qarşılaşma barədə danışasız, hansı hissləri keçirdiz?- Bəli, həqiqətən də tarixi qarşılaşma idi. İşğaldan azad olunmuşq müqəddəs vətən torpaqlarında “Qarabağ” kimi rəqibə qarşı oynamaq inanılmaz dərəcədə xoş hisslərə səbəb olmuşdu. Azərbaycan kubokunda püşk əvvəlcə “Cəbrayıl”ı bizə rəqib etmişdi. Bu cütün qalibi “Qarabağ”la qarşılaşacaqdı. Biz “Cəbrayıl”ı 4:0 hesabıyla üstələdik və Xankəndində “Qarabağ”a qarşı oynamaq fürsəti qazandıq. Bu oyunun keçirilməsində əziyyəti olanların hər birinə təşəkkürümü bildirirəm. Hər şey dəqiqliklə, peşəkarcasına hazırlanmışdı. Biz oyunda bir gün əvvəl Şuşada oteldə qaldıq, ordan da Xankəndinə oyuna yollandıq. Oyundan öncə Müdafiə naziri cənab Zakir Həsənov bizim paltardəyişmə otağına gəldi, futbolçulara uğurlar arzuladı. Futbolçularım həyacana qalib gəlib özlərini göstərmək üçün yaxşı oynadılar. Düzdü, “Qarabağ” bizdən xeyli təcrübəli və güclü idi. Amma futbolçularım rəqibin adından qorxmadılar. Meydanda dominant “Qarabağ” idi, topa əsasən onlar nəzarət edirdilər. Biz də çalışırdıq ki, topa sahib olub, əks-hücuma keçək. Fikrimcə, pis də çıxış etmədik. Həlledici anlarda təcrübəsizlik özünü göstərdiyindən əks-hücumları məntiqi sonluğa çatdıra bilməsək də, futbolçularım çox çalışdılar, meydanda can qoydular. Əlimizdən gələni etdik, əlavə olunmuş beşinci dəqiqədə qapımızdan qol buraxsaq da, futbolçularımla fəxr etdim. Bununla da göstərdik ki, futbolçularımız gələcəkdə premyer-liqada oynayacaq səviyyədədilər. Bizim üçün inanılmaz və unudulmaz gün idi. Bizim üçün Ali Baş Komandanımız İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın stadionda olması əlavə bir stimul idi. Onlarla yanaşı şəhid ailələri, qazilər tribunada yer almışdı. Tribunalarda şəhid övladlarının olması oyuna əlavə gözəllik qatırdı.

- Gələcək planlarınıza toxunaq. Qarşıda hansı hədəflər dayanır, planlarınız necədi?- Bildiyiniz kimi, hazırda MOİK-i çalışdırmağa davam edirəm. Bütün planlarım da bu komanda ilə bağlıdı. Əsas hədəf MOİK-i çempion etməkdi. Artıq heyətin gücləndirilməsi üçün müəyyən addımlar atırıq. Çempion olmaq üçün güclü xarakterə sahib olmalı, meydanda sona qədər mübarizə aparmalısan. Danışıqlarımız da məhz bu cür komanda formalaşdırmaq yönündədi. İstədiyimiz futbolçuları heyətə cəlb edə bilsək, gələn mövsüm çempion olmağı hədəfləmişik.
- Hazırda diqqətlər Avropa çempionatına yönəlib. Sizcə, bizim yığmanın o səviyyəyə yüksəlməsi üçün nələr etməliyik?- Bəli, Avropa çempionatını diqqətlə izləyirik. Əminliklə deyirəm ki, bizim futbolçular Almaniyadakı turnirdə iştirak edənlərdən heç də geri qalmır. Bizim futbolçularda da o potensial var. Azərbaycanlı futbolçular da bu səviyyəli turnirlərdə iştirak etməyə layiqdilər. Həm yığmamızın oyunlarını, həm də premyer-liqa qarşılaşmalarını yaxından təqib edirik, görürük. Yetərincə maraq və istedadlı futbolçular var. Sadəcə, məşqçilərimiz azərbaycanlı futbolçulara daha çox inanmalı, onlara şans verməlidi. Bizim onsuz da Avropa klublarında çıxış edən futbolçularımızın sayı elə də çox deyil. Qalır yerli çempionatda çıxış edən gənclər arasında düzgün seçim etmək. Düzdü, qarşımıza elə də böyük hədəflər qoya bilməsək də, bizim gənc futbolçular da belə səviyyəli turnirlərə vəsiqə qazana bilərlər. Futbolun inkişafı bir az səbr tələb edir. Aşağı yaş qruplarından üzü yuxarı düzgün seçimlər olmalıdı, istedadlı futbolçulara diqqətlə yanaşıb, onlara şans yaratmalıyıq. Bunu edə bilsək, gələcəkdə nəticəsini görəcəyik. Hər bir klub məşqçisi çalışmalıdı ki, onun futbolçusu A milli səviyyəsinə qədər yüksəlsin. Futbolçuları küsdürmək olmaz, onları dəyərləndirmək, şans yaratmaq lazımdı.
AMAL ABUŞOVYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.