Tedesko Kurtuanı AÇ-yə yollanan heyətə salmadı! - səbəb zədədi, yoxsa baş məşqçi ilə qapıçı arasındakı münaqişə?

4.06.2024 23:30 165
AÇ
Futbol üzrə Avropa çempionatının startına az qalır.

“Football-plus.az” xəbər verir ki, təbii ki, iştirakçı komandalar bir-birinin ardınca sifariş ərizəsini açıqlayır. Növbə Domeniko Tedeskonun çalışdırdığı Belçika yığmasına da çatıb. “Qırmızı iblislər”in siyahısında sensasiyadan qaçmaq mümkün olmayıb – burda “Real”ın qapıçısı Tibo Kurtua yoxdu.

Tam da sensasiya deyil
Əslində Kurtuanın AÇ-yə yollanmayacağı ilə bağlı xəbər o qədər də təəccüblü deyil. Qolkiper hələ dekabrda bunu elan etmişdi:
“Zədə üzündən mənim üçün Avropa çempionatı olmayacaq. Əvvəlcə 100 faiz bərpa olunmalıyam, hələ ki dönüş tarixi müəyyənləşdirmətə dəyməz. Bəxtim gətirsə, mayda bir oyun keçirə bilərəm. Ancaq böyük turnirə 100 faiz hazır olmağım mümkün deyil. Düşünürəm ki, milli komanda ilə bağlı məsələyə dərhal aydınlıq gətirmək daha yaxşı variantdı. 80 faiz hazır olmaqla oynamaq niyyətim yoxdu, ona görə ki, başqa yaxşı qapıçılarımız da var. Mən bir kənara çəkiləcək və iyunda, sadəcə, yığmanın adi bir azarkeşi olacam. Qələbəyə ümid edirəm”.


Tibo son mövsümdə həqiqətən zədə baxımından əziyyət çəkdi – avqustda xaçvari bağlarını qırdı, martda diz qapağını zədələdi. Ancaq Kurtua artıq meydana dönüb – mayda La Liqada 4 oyun keçirdi. Hələ Çempionlar Liqasının finalında oynamağa da hazır olduğunu bildirdi:
“100 faiz hazıram. İndi Çempionlar Liqasının finalında kimin – mənim, yoxsa Luninin oynayacağına Ançelotti qərar verməlidi”.

Yaxşı, 100 faiz hazır olduğunu deyirsə, onda yığmada oynamamaqla bağlı dediyi sözlərin mənası nədi? İstər-istəməz təzad yaranır. Belədə biz səbəbi başqa yerdə axtarmalıyıq. Bəlkə də qapıçı ilə Tedesko arasındakı münaqişədə.

Münasibətləri pis idi
Tibo hətta tam sağlam olsaydı da, ondan hansısa demarş gözləmək olardı. Kurtua ilə Tedesko ötən yay – AÇ-nin seçmə oyunlarının qızğın vaxtında mübahisələşib. Səbəb isə baş məşqçinin Kevin de Bruynenin yoxluğunda kapitan sarğısını Romelu Lukakuya verməsi olub. Sarğıya iddialı qapıçı incik düşərək yığmanın düşərgəsini tərk edib.

Tedeskonun versiyasıyla tanış olaq:
“Hamımız birlikdə qərar verdik ki, Romelu Lukaku Avstriya, Kurtua isə Estoniya ilə oyunda kapitan olacaq. Son oyunun ardından Tibo gözlənilmədən mənlə danışmağa qərar verdi və bildirdi ki, evə yollanır. Ona görə ki, məyusdu və inciklik duyur. Təəccübləndim və şoka düşdüm”.


Kurtua isə zədə üzündən yığmadan ayrıldığını deyərək, baş məşqçini informasiya sızdırmaqda suçladı:
“Baş məşqçinin mətbuat konfransında dediklərini eşidəndə təəccübləndim. O, Avstriya ilə oyun ərəfəsindəki söhbətimizlə bağlı qərəzli və subyektiv fikirlərini bölüşüb. İzah etmək istəyirəm ki, bu, baş məşqçilərlə paltardəyişmə otağındakı problemlərlə bağlı ilk və son söhbətim deyil. Ancaq ilk dəfə kimsə bunu publikaya çatdırmağa qərar verir... Sağ dizimdəki zədə ilə bağlı müayinədən keçdim. Klubun və yığmanın tibb briqadaları qarşılıqlı əlaqədə olub, sənədlərə baxandan sonra yığmadan ayrılmağımla bağlı qərar qəbul etdilər”.

Tedesko zədə ilə bağlı informasiyaya inanmadı, hətta məsələni payıza təxirə salmaqla Tiboya start heyətində yerlə bağlı təminat verməkdən də boyun qaçırdı. Ancaq Kurtua ciddi zədə aldı və problem müvəqqəti aradan qalxdı. Birdəfəlik yox olmadı.

Artıq martda Domeniko qapıçının dekabrdakı qərarına əsaslanaraq, Kurtuanı Avropa çempionatına aparmayacağını təsdiqlədi. Tibonu fikrindən daşındırmağa çalışdırdığına da işarə etdi:
“Yeni informasiya yoxdu. Birincisi, əlbəttə, Tibonun məşqlərə qayıtması yaxşıdı. Bu, həm onun özü, həm də “Real” üçün yaxşıdı. Ümid edirəm ki, mümkün qədər tez bərpa olunacaq və oynamağa hazır olacaq. Ən vacib olan budu. O, zamanında və çox açıq şəkildə hər şeyi izah edib. Bu onun tərəfindən vicdanlı hərəkətdi. Belə edib ki, hər kəs planlarını qursun. Mövcud informasiya əsasında belə edirik. Düşünmürəm ki, indi yeni bilgi var. Mən bütün variantları sınadım. Bütün variantları”.


Tibo baş məşqçiyə səliqəli şəkildə cavab verdi – sosial şəbəkələrin birində bu xəbərin altında yalan danşıldığına işarə olan üç uzun burun emodzisi paylaşdı. Baş məşqçi ilə qapıçı arasındakı münasibətlərin bundan sonra hansı axar üzrə inkişaf edəcəyi məlum deyil. Hələ ki Tedeskonun mövqeyi möhkəm görünür – o, martda Belçika yığması ilə müqavilə müddətini 2026-cı ilə qədər uzadıb. Ancaq 32 yaşlı Kurtua da bəlkə də milli komandada hər şeyi sübut edə bilməyib.

Hərçənd bu, ünlü qapıçının karyerasındakı ilk qalmaqal deyil. Tibo zamanında De Bruynenin qız rəqifəsini “ovlamışdı”, futbolçular həmin vaxtdan bəri danışmırlar. Yığmanın sabiq baş məşqçisi Mark Vilmots isə qapıçını DÇ-2014 vaxtı paltardəyişmə otağından kənara informasiya sızdırmaqla suçlamışdı:
“Yığmada problemlə üzləşirdim. Axşam saat 6-da oyunçularla nəzəri məşğələmiz var idi. Məhz orda növbəti oyun üçün start heyətini açıqladım. Artıq saat 18.15-də həmin heyət sosial şəbəkələrdə gəzirdi. Bu isə o deməkdi ki, oyunçulardan kimsə əsas heyəti “satmışdı”. Çox pis haldı. Bəzi fransalı jurnalistlər deyirdi ki, Kurtuanın atası heyəti sızdırıb. Onun vətəninə heç bir hörməti yoxdu. Oyuna bir saat qalmış heyətlər rəsmi şəkildə elan olunur, rəqibin heyətini açıqlamasını son ana qədər gözləməliydim. Qorxunc və biabırçı haldı. Rəqib zaman qazandı, hər şeyə hazır oldu, hər şeyi bildi. Braziliyada başımıza belə iş gəldi”.