Dünən Səudiyyə Ərəbistanı çempionatında mövsümə yekun vuruldu.
“Football-plus.az” xəbər verir ki, son turda Kriştiano Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəsr'' Kərim Benzemanın şərəfini qoruduğu ''Əl-İttihad''ı qəbul etdi. 1 aydan çoxdu meydana çıxmayan və Səudiyyə Ərəbistanını tərk etmək istəyən Benzema oyunda iştirak etmədi. Mövsümü ikinci pillədə tamamlayan ''Əl-Nəsr'' üçün oyunun formal xarakter daşımasına və komandanın bəzi ulduzlarının meydana çıxmamasına baxmayaraq Kriştiano həmişəki kimi dəridən-qabıqdan çıxdı. O, mükəmməl performansla iki rekordu birdən yenilədi. Komandasının 4:2 hesabı ilə üstün olduğu oyunda Ronaldo 45 və 69-cu dəqiqələrdə fərqlənərək dubl etdi. Beləliklə, portuqaliyalı superulduz Səudiyyə Ərəbistanı çempionatında mövsümü 35 qolla tamamlayaraq yeni rekord müəyyənləşdirdi. Əvvəlki rekord 2018/19-da yenə də ''Əl-Nəsr''in heyətində 34 qol vurmuş Abderrazak Hamdallaha maxsus idi. Bundan başqa Kriştiano futbol tarixində 4 fərqli çempionatda bombardir olmağı bacarmış ilk futbolçuya çevrildi! O, daha öncə ''Real''ın heyətində (3 dəfə) La Liqanın, ''Yuventus''un heyətində A seriyasının və ''Mançester Yunayted''in heyətində premyer-liqanın bombardiri olmağı bacarmışdı. Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 31 oyunda 35 qol, 11 məhsuldar ötürməlik mükəmməl performans ortaya qoydu.
ƏLİ