İngilislər ''Beşiktaş'' fanatlarına heyran qaldı

26.10.2026 10:00 36
Dünya futbolu
''Beşiktaş'' fanatlarının Avropa Liqasında liqa mərhələsinin 3-cü turunda premyer-liqa təmsilçisi ''Kristal Pelas''a qarşı 2:2 bitən oyunda yaratdıqları atmosfer İngiltərədə də gündəm oldu.

''Tüpraş Stadionu''ndakı matçda yerli fanatların səsi o qədər yüksək çıxırdı ki, futbolçular bir-birilərini eşitməkdə belə çətinlik çəkirdilər. Ən maraqlı epizod isə ilk yarının sonlarında yaşandı. Hakim ilk hissəni bitirən fiti səsləndirsə də futbolçular stadiondakı səs-küydən fitin səsini eşitmədilər. Nəticədə oyun fitdən sonra hələ ən azı 15 saniyə də davam etdi. Hətta hakim özü də fitdən sonra oyunun davam etməsini böyük təəccüb içində izləyərək futbolçulara sanki ''siz nə edirsiz'' sualını ünvanladı.

Bu epizodun videosu sosial şəbəkələrdə də böyük marağa və müzakirələrə səbəb oldu. İngiltərə mətbuatında da ''Beşiktaş''lıların yaratdığı atmosferə bir xeyli tərif yağdırıldı. Eləcə də ''Kristal Pelas''ın 26 yaşlı vingeri Duayt Maknil matçın ardından ''indiyə qədər oynadığım ən möhtəşəm atmosferlərdən birini yaşadım'' açıqlamasını verdi.