Neymar yeni qaydaları unutdu və... qırmızı vərəqə aldı

25.10.2026 23:22 18
Dünya futbolu
Braziliya çempionatının 32-ci turunda ''Santos'' doğma fanatları önündə ''Bayya''nı qəbul etdi. İlk yarı braziliyalı ulduz Neymar və onun komandası üçün uğursuz alındı.

Qonaqlar hesabı açan tərəf oldular. Neymar isə əvvəlcə 31-ci dəqiqədə sarı vərəqə aldı. Matçın ən mübahisəli epizodu isə fasilədə yaşandı. İkinci hissə başlamaq üzrə olarkən Neymar uzun müddət ''Bayya''nın yarımmüdafiəçisi Rodriqo Nestor ilə mübahisə etdi. Mübahisə zamanı o bir anlığa əli ilə ağzını tutdu. Son dünya çempionatında da tətbiq olunan yeni qaydalara görə isə rəqiblə danışarkən əli ilə ağzını örtən futbolçuya qırmızı vərəqə göstərilir.

Bu matçda da VAR-ın işə qarışmasından və hakimin epizodu monitorda izləməsinin ardından Neymara birbaşa qırmızı vərəqə göstərildi.

Kapitanını itirməsinə və bir hissə azlıqda oynamasına baxmayaraq ''Santos'' həvəsdən düşmədi. Meydan sahibləri xarakter nümayiş etdirərək əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə məğlubiyyətdən qurtuldular.