Ronaldonun yerinə 982-ci qolu başqası vurdu?

25.10.2026 22:51 45
Dünya futbolu
Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda ''Əl-Nəssr'' ''Əl-Faysali''nin qonağı oldu.

Kriştiano Ronaldonun komandası 3:1 üstün olaraq ardıcıl 4-cü rəsmi oyunda qələbə qazandı. Matçda ən önəmli epizod məhz elə Ronaldo ilə bağlı oldu. Fasiləyə minimal üstünlüklə yollanan son çempion ikinci hissənin əvvəllərində ''qızıl top''un beşqat qalibi sayəsində hesabı 2:0 etdi.

Ancaq epizodun təkrarını izlədikdə topa son toxunan futbolçunun meydan sahiblərinin üzvü Andrey Jirotto olduğunu görürük. Joao Feliksin asmasından sonra portuqaliyalı ulduzu aşan top onun arxasındakı Jirottonun başından istiqamətini dəyişərək tora daxil olur. Maraqlıdı ki, ''Opta'', ''Flashscore'', ''Sofascore'', ''Soccerway'' kimi mənbələrdə bu qol avtoqol kimi göstərilib. Amma Səudiyyə Ərəbistanı çempionatının rəsmi protokolunda qol Ronaldonun adına yazılıb. Ona görə 41 yaşlı superulduz peşəkar karyerasının 982-ci qolunu vurmuş sayılır.

Yeri gəlmişkən, Ronaldo matçın ən yaxşısı seçilsə də, komanda yoldaşı Abdulla Əl-Hamdan jest edib. O, mükafatı oyunu 1 qol və 1 məhsuldar ötürmə ilə tamamlayan Əl-Hamdana verib. Ronaldonun bu mövsüm klub və yığmanın heyətində keçirdiyi 12 oyunda 6 qol vurduğunu bildirək.