Ölkəmizin U-21 yığması martın 26-da AÇ-2025-in seçmə mərhələsində Ukrayna ilə qarşılaşacaq. "Azərsun Arena"da keçiriləcək oyunun baş hakimi Dario Beldi.
"Football-plus.az" adı çəkilən ədalət təmsilçisini araşdırıb.
Xorvatiyalı karyerasına aşağı liqa oyunlarını idarə etməklə başlayıb. 35 yaşlı ədalət təmsilçisi 2016-cı ildən çempionat oyunlarına, 2021-ci ildən isə beynəlxalq matçlara təyinat alır. Bilindiyi kimi, həmin çempionatın iştirakçılarından biri də "Dinamo"du. Maraqlıdı ki, Bel cari mövsümdə millimizin üzvü Mahir Emrelinin də şərəfini qoruduğu Zaqreb təmsilçisinin 6 matçını (5 çempionat, 1 kubok) idarə edib. "Dinamo" bu oyunların heç birində məğlub olmayıb. Hakim karyerası ərzində Xorvatiya çempionatında 101 görüşdə meydanda olub, 415 sarı, 15 qırmızı vərəqə göstərib.
Bununla belə, Bel bizə yad deyil. Daha dəqiqi, Dario Konfrans Liqasının 2022/23 mövsümündə 3-cü təsnifat mərhələsinin "Neftçi" - "Rapid" matçında (2:1) meydanda olub. Ədalət təmsilçisi bu qarşılaşmada "ağ-qaralar"dan Ataa Caberə "sarı" göstərib. Onun oyununu idarə etdiyi başqa təmsilçimiz isə "Qəbələ"nin U-19-u olub. Bel Gənclər Liqasının 2021/22 mövsümünün 1-ci turunun "Alkmaar" (Niderland) - "Qəbələ" matçına (7:0) təyinat alıb, bu oyunda Taleh Qarayevlə Hüseyn Mürsəlovu "sarı"yla cəzalandırıb.
Ümumiyyətlə, referiyə indiyə qədər Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və Gənclər Liqası, beynəlxalq yoldaşlıq oyunları, 17 və 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi kimi matçlarda güvənilib. Hakim idarə etdiyi 188 görüşdə 740 sarı, 26 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR