"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun rəsmi saytının məlumatında belə bildirib:
“Mançester Yunayted” Maykl Karrikin baş məşqçi postundan ayrıldığını təsdiqləyir. Klub növsümə uğursuz başlayandan sonra hədəflərimizə çatmaq üçün çox çətin də olsa, komandanın idarəçiliyində dəyişiklik etmək qərarına gəldi. Maykl “Mançester Yunayted”in əfsanəsidi və həmişə belə də qalacaq. O, oyunçu olduğu vaxtlarda olduğu kimi klubdakı fəaliyyəti ərzində də özünü ən yüksək sədaqət və peşəkarlıq standartları ilə aparıb. Onun liderliyi və ötən mövsüm qazandığı uğurlar həmişə xoş xatirələrlə xatırlanacaq”.
Rəhbərliyin bu addımı atacağı çoxdan gözlənilirdi. Zarafat deyil, mövsümə çempionluq hədəfi ilə başlayan “Yunayted” İngiltərə premyer-liqasınında 10 turdan sonra 8 xalla 18-ci yerdədi. Bu, komandanın son 40 ildə çempionatın ilk 10 turundan sonra göstərdiyi ən zəif nəticədi. Maraqlıdı ki, baş məşqçi istefa vermək ehtimalını istisna etmişdi.
Komandanın başına ötən mövsümün gedişində gətirilən Karrik jurnalistlərin öz qərarı ilə ayrılmasını mümkün hesab edib-etmədiyi barədə sualına qısaca “bu baş verməyəcək” cavabını vermişdi. 45 yaşlı ingilis mütəxəssis komandanın indiyədək kifayət qədər qələbə qazana bilmədiyini etiraf etsə də, qarşıdakı oyunlarda vəziyyəti düzəldəcəklərinə inandığını bildirmişdi.
Lakin boslar onu istəmədiyi, ancaq gözlənilən aqibətlə baş-başa qoyub. Artıq Karrikin yerini tutacaq xələfi də müəyyənləşib. Maurisio Poçettino yenidən premyer-liqada işləyəcək. “TalkSPORT”un jurnalisti Aleks Krukun yaydığı məlumata görə, MY-ni azı mövsümün sonuna qədər ABŞ yığmasının baş məşqçisi çalışdıracaq. Tərəflər artıq təyinatla bağlı prinsipial razılığa gəliblər. İngiltərə klubu argentinalı mütəxəssis üçün ABŞ Futbol Federasiyasına 10 milyon dollar təzminat ödəməlidi. Qeyd edək ki, İngiltərədə iş təcrübəsinə malik olan Poçettino “Sauthempton”, “Tottenhem” və “Çelsi”ni çalışdırıb.
“Yunayted”də mövsümün gedişində növbəti dəfə baş məşqçini dəyişən rəhbərliyin də durumu getdikcə ağırlaşır. “Mançester Yunayted” azarkeşlərinin etimad qurumu Karrikin istefaya göndərilməsi ilə bağlı bəyanat yayıb. Qurum ingiltərəli mütəxəssisin klubdan ayrılmasını növbəti kədərli hadisə kimi qiymətləndirib:
“Maykl Karrikin gedişi “Mançester Yunayted” üçün daha bir kədərli məqamdı. Ona gördüyü işlərə və ötən mövsümün ikinci yarısında bizə yenidən ümid verdiyinə görə təşəkkür edirik. Onun azarkeşlər arasında nüfuzu dəyişməz olaraq qalır. Son həftələrdə azarkeşlərin Karriki dəstəkləməkdə davam etməsinin səbəbi odu ki, onlar klubun problemlərinə görə məsuliyyətin təkcə onun və ya əvvəlki baş məşqçilərin üzərinə düşmədiyini başa düşürlər. Əsas günah klubun sahiblərindədi. Qleyzerlər ailəsinin klubu borc vəsaitləri hesabına alması “Yunayted”in üzərində ağır yük olaraq qalır. INEOS şirkəti kluba gəldikdə idman nəticələrini ən yüksək səviyyəyə çatdıracağını vəd etmişdi. Lakin rəhbərlikdəki davamlı dəyişikliklər tamamilə fərqli nəticələrə səbəb oldu. Artıq klubun sahiblərinin izahat vermək və məsuliyyəti öz üzərinə götürmək vaxtıdı. Stretford End tribunasında asılan “Bizimlə davranışınız biabırçılıqdı” yazılı banner bir növ xəbərdarlıq idi. “Old Trafford” stadionunda indiyədək görünməmiş gücdə etiraz səslərinin eşidilməsi, həmçinin son həftələrdə aparıcı futbolçuların açıq tənqidləri daha dərin böhranın göstəricisidi. Bütün bunlar klubda parçalanmanın artdığını, azarkeşlər, futbolçular və rəhbərlik arasındakı əlaqələrin ciddi sınaqla üzləşdiyini göstərir”.





