Millimizin AÇ-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi oyunun hakimləri bəllidi.
"Football-plus.az" xəbər verir ki, UEFA oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya Yunanıstandan olan briqadanı təyin edib. Matçı Aristotelis Diamantopulos idarə edəcək. Ona Konstantinos Psarris və Andreas Meintanas kömək göstərəcək. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək. Millimizin sonuncu yer olmamaq uğrunda mübarizə aparacağını nəzərə alsaq, matçda ədalətli qərarların verilməsinin vacibliyi artır. Bəs ali futbol qurumu belə əhəmiyyətli matçın taleyini kimə tapşırıb?
Aristotelis Diamantopulos... 40 yaşlı referinin karyerası uzun müddəti əhatə etsə də, zəngin deyil. O, ilk dəfə Yunanıstanın aşağı liqa matçlarında yaşıl meydanlara çıxıb. Zaman keçdikcə superliqa oyunlarına təyinat alan hakim uğurlu olmaqda çətinlik çəkir. Daha dəqiq desək, məhz ölkəsində baş məşqçi, futbolçu və azarkeşləri qane etmir. Bu üzdən ədalət təmsilçisi son illərə qədər Yunanıstan çempionatında tez-tez görünməyib. Yalnız 2016-cı ildən sonra müəyyən irəliləyiş qət edib ki, bu da UEFA-nın gözündən yayınmayıb. Beləliklə, 2019-cu ildən etibarən beynəlxalq matçlar üçün əsas hakim kimi təyinat alıb. O, bu günə kimi Yunanıstanın əsas çempionatında 75 görüş idarə edib. Aristotelis bu qarşılaşmalarda 370 sarı, 7 qırmızı vərəqə göstərib. Maraqlıdı ki, o, İsveçrə superliqasının 5 oyununu da idarə edib. İdarə etdiyi beynəlxalq matçlar siyahısında isə 17, 19, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi, Gənclər, Konfrans, Avropa və Çempionlar Liqasının təsnifat mərhələlərinin oyunları var. Vurğulamaq lazımdı ki, o, ilk dəfə bu gün böyüklərdən ibarət komandalar arasındakı seçmə oyunda baş hakim olacaq. Diamantopulos daha əvvəl aşağı yaş qruplarından ibarət yığmaların matçında bu funksiyanı yerinə yetirsə də, heç vaxt Azərbaycan komandaları ilə yolları kəsişməyib.
Qısası, Aristotelis millimizin Estoniya ilə matçına təyinat alan Robert Şröder kimi debutantdı. Ümid edirik ki, ədalət təmsilçisi yığmamızın xeyrini düşünməsə də, məhz debütünün yaxşı xatırlanması naminə meydandakı vəzifəsini layiqincə yerinə yetirəcək.
Ümumiyyətlə, referi karyerası boyunca 146 matç idarə edib. O, bu görüşlərdə 662 sarı, 17 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR