"Football-plus.az" xəbər verir ki, bu liqanı cari mövsümdə avrokuboklarda uğurla təmsil edən “Atalanta” və “Fiorentina” matçını maraqla gözləməyə dəyərdi. Lakin oyun qeyri-müəyyən müddətə təxirə salındı. Buna isə qonaqların baş direktorunun səhhətinin qəfil pisləşməsi səbəb oldu. 57 yaşlı Co Barone Berqamodakı öteldən Milandakı “San Raffaelo” klinikasına aparılıb. Bu səbəbdən “Fiorentina”nın məşqçi və oyunçu heyəti matçın keçiriləcəyi stadiona gəlməyib.
Turun Milanda keçirilən mərkəzi oyunundan əvvəl hansı komandanın psixoloji hazırlığının daha yüksək olduğuna aydınlıq gəlməli idi. Məsələ ondadı ki, həm yerli “İnter”, həm də “Napoli” həftəiçi uyğun olaraq “Atletiko” ilə “Barselona”ya uduzaraq Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırmışdı. Əslində İtaliyanın son çempionu ilə oyunun nəticəsinin skudettoya çox yaxın olan milanlılar üçün böyük əhəmiyyət daşıdığını söyləmək olmazdı. İlin əvvəlindən çempionatda qələbə yürüşünü davam etdirən “İnter” hesabat turu ərəfəsində əsas izləyicisi “Milan”ı 16 xal fərqi ilə qabaqlayırdı. Amma “Napoli” ÇL-ə vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün çətin səfərdə qələbə qazanmağa çalışacaqdı. Gözlənildiyi kimi, matç qapalı və əsəbi şəraitdə keçdi: fiziki yorğunluq və emosional planda bir qədər həvəssizlik təsirini göstərdi. Simone İnzaqinin komandası 15-ci dəqiqədə hesabı açmağa çox yaxın olsa da, Meret Darmian ilə Lautaro Martinesin zərbələrini dəf etdi. Bundan sonra meydanda bərabərsəviyyəli mübarizə yaşansa da, ev sahibləri fasilə ərəfəsində Darmian ilə hesabı aça bildilər. Fasilədən dərhal sonra Meret daha iki epizodda qonaqları real qoldan xilas etdi. Milanlılar hissənin ortalarından başlayaraq hesaba oynamağa üstünlük verdilər. Neapollular isə təşəbbüsü ələ alaraq cavab qolunu vurmağa çalışdılar. 81-ci dəqiqədə künc zərbəsindən sonra Bastoninin topa uğursuz müdaxiləsi Juan Jezusun hesabı bərabərləşdirməsi ilə nəticələndi. “Napoli” çətinliklə qazanılan bu xalla əsas hədəfinə çox da yaxınlaşmadı. A seriyasında artıq 23 oyundu (19 qələbə, 4 heç-heçə) uduzmayan “İnter”in əsas izləyicisi ilə xal fərqi isə 14-ə düşdü.
Ona görə ki, “Milan” səfərdə “Verona”nı 3:1 hesabıyla məğlub etdi. Çempionatdakı ardıcıl 3-cü qələbə Stefano Pyolinin komandasının 2-ci yeridəki mövqeyini bir qədər də möhkəmləndirdi.
Çünki “Yuventus” azarkeşlərini növbəti dəfə məyus etdi. Turinlilər “Cenoa” ilə ev oyununda qolsuz heç-heçəyə razılaşdılar. Bu, azmış kimi, aparıcı hücumçu Vlahoviç son dəqiqələrdə hakimlə ciddi mübahisə etdiyi üçün qırmızı vərəqə aldı. Son həftələr böhrana düşən “ağ-qaralar”ın qələbəsiz oyunlar seriyası 3-ə çatdı. Qeyd edək ki, Massimiliano Alleqrinin komandası son 8 matçda yalnız bir dəfə qalib gəlib. “Yuventus” məhz belə nəticənin fonunda da uzun müddət göründüyü 2-ci yerlə vidalaşmalı olub.
Əsas izləyicisi turinlilərin növbəti xal itkisindən maksimum yararlandı. 28-ci turda evdə “İnter”ə uduzan (0:1) “Bolonya” səfər oyununda “Empoli”ni məğlub etdi. Son dəqiqələrdə vurulan yeganə qol azı 4-cü yeri tutmaqla ÇL-ə can atan Tyaqo Mottanın komandasını hədəfə bir qədər də yaxınlaşdırdı.
Tur paytaxt komandaları üçün uğurlu alındı. “Roma” “Sassuolo” ilə ev oyununda zədəli Dibalanın yoxluğunda hücumda çətinliklərlə üzləşdi. Amma Lorentso Pelleqrininin yeganə qolu “canavarlar”ın qələbəsi üçün kifayət etdi. 5-ci yerdə qalan Daniele De Rossinin komandası “Bolonya”dan yenə 4 xal geri qalır. Paytaxtın digər təmsilçisi isə 3 oyunluq məğlubiyyət seriyasına Frozinonedə son qoydu. Xatırladaq ki, həftəiçi Mauritsio Sarri uğursuz nəticələrə görə istefaya yollanmışdı. Onun yerinə baş məşqçi vəzifsəsinə təyinat alan Covanni Martuşyello “Latsio”da qələbə ilə debüt etdi. “Frozinone” üzərində 3:2 hesablı qələbə qazanan “qartallar” əvvəlki kimi 9-cu yerdədilər.
A seriyasında daha bir məşqçinin debütü uğurlu alındı. Bir neçə gün əvvəl “Leççe”dən qalmaqalla qovulan Robero D’Aversanın yerini tutan Luka Qotti yeni komandası ilə “Salernitana”ya üstün gələ bildi - 3:2.
29-cu tur
Frozinone – Latsio 2:3
Lirola, 13. Şeddira, 70 – Zakkanyi, 38. Kastelyanos, 57; 62. (15780)
Latsio: Mandas, Luka Pelleqrini (Latsari, 46), Romanyoli, Kazale, Maruşiç, Luis Alberto, Kataldi (Vesino, 56), Genduzi, Zakkanyi (Kamada, 86), Felipe Anderson (İsaksen, 82), İmmobile (Kastelyanos, 56).
Yuventus – Cenoa 0:0
(40098)
Yuventus: Şçensnı, Danilo, Bremer, Qatti, Kostiç (Aylinq-Cunior, 59), Kambyaso (Ken, 82), Lokatelli, Miretti (Vea, 78), Makkenni (Rabyo, 58), Kyeza (Yıldız, 59), Vlahoviç.
Verona – Milan 1:3
Noslin, 64 - Ernandes, 44. Pulişiç, 50. Çukvueze, 79. (26165)
Milan: Menyan, Ernandes, Tomori (Kyaer, 83), Kalulu (Qabbya, 46), Kalabriya, Reynders, Bennaser, Leao, Loftus-Çik (Jiru, 66), Pulişiç (Musa, 66), Okafor (Çukvueze, 74).
Roma – Sassuolo 1:0
Lorentso Pelleqrini, 50. (68871)
Roma: Svilar, Spinatsola (Anxelinyo, 37), Lyorente, Mançini, Karsdorp (Çelik, 70), Paredes, Kristante, Lorentso Pelleqrini, Əl-Şaaravi (Höysen, 86), Auar (Baldantsi, 70), Lukaku (Azmun, 86).
İnter – Napoli 1:1
Darmian, 43 - Juan Jezus, 81. (71551)
İnter: Zommer, A.Bastoni, Açerbi, Pavar (Bissek, 46), Dimarko (Dyumfris, 79), Darmian (Bükenen, 84), Barella (Frattezi, 71), Mxitaryan, Çalhanoğlu, Lautaro Martines (Sançes, 79), Türam.
Napoli: Meret, Olivera (Ruy, 74), Juan Jezus, Rrahmani, Di Lorentso, Traore (Kayuste, 70), Lobotka, Zambo Angissa, Kvaratsxeliya (Lindstrem, 90+1), Politano (Nqonq, 90+1), Raspadori.
Empoli – Bolonya 0:1
Fabbian, 90. (16000)
Udineze – Torino 0:2
Sapata, 10. Vlaşiç, 53. (21223)
Montsa – Kalyari 1:0
Maldini, 42. (14145)
Salernitana – Leççe 0:1
Dyomber, 17-öz qapısına. (15376)
“Atalanta” – “Fiorentina” oyunu təxirə salınıb.
1. İnter 29 24 4 1 71-14 76
2. Milan 29 19 5 5 55-33 62
3. Yuventus 29 17 8 4 44-23 59
4. Bolonya 29 15 9 5 42-25 54
5. Roma 29 15 6 8 55-35 51
6. Atalanta 28 14 5 9 51-32 47
7. Napoli 29 12 9 8 44-33 45
8. Fiorentina 28 12 7 9 41-32 43
9. Latsio 29 13 4 12 36-33 43
10. Montsa 29 11 9 9 32-36 42
11. Torino 29 10 11 8 28-26 41
12. Cenoa 29 8 10 11 31-36 34
13. Leççe 29 6 10 13 26-45 28
14. Udineze 29 4 15 10 28-44 27
15. Verona 29 6 8 15 26-39 26
16. Kalyari 29 6 8 15 29-50 26
17. Empoli 29 6 7 16 22-43 25
18. Frozinone 29 6 6 17 37-60 24
19. Sassuolo 29 6 5 18 33-56 23
20. Salernitana 29 2 8 19 23-59 14
Bombardirlər: Lautaro Martines (İnter) - 23, Vlahoviç (Yuventus) - 15, Dibala (Roma), Jiru (Milan) - 12.
Növbəti turun oyunları martın 30-da və aprelin 1-də keçiriləcək: Napoli – Atalanta, Torino – Montsa, Cenoa - Frozinone, Latsio – Yuventus, Fiorentina - Milan, Bolonya - Salernitana, Sassuolo - Udineze, Kalyari - Verona, Leççe – Roma, İnter - Empoli.
Turun rəqəmi
10 – nəhayət, “İnter”i bu il A seriyasında büdrədən tapıldı. “Napoli” milanlıların 10 oyunluq qələbə seriyasına son qoydu. İnzaqinin komandası ölkə çempionatında sonuncu dəfə ötən il dekabrın 29-da “Cenoa” ilə səfər oyununda (1:1) qalib gələ bilməmişdi.
Turun ulduzu
Juan Jezus (Napoli) - braziliyalı müdafiəçi çətin Milan səfərində komandasının xal qazanmasında böyük rol oynadı. Məhz onun vurduğu cavab qolu neapolluların evə əliboş dönməsinə mane oldu. 32 yaşlı Juan 2011-16-cı illərdə formasını daşıdığı “İnter”ə qarşı matçda cərimə meydançasında soyuqqanlı oyunu ilə seçildi, 4 təhlükəli zərbənin qarşısını aldı.
Turun sitatı
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi:
“Siz məşqçilik edə bilirsiniz? Mən jurnalist olmağı bacarmıram. Publikanın nə danışdığını izləmirəm, yalnız komandam üçün faydalı olan işlər görməyə çalışıram. Heç bir jurnalistə işini necə görməli olduğu haqda göstəriş vermirəm. Odu ki, mənə nəyi necə etməli olduğumla bağlı göstəriş verməyin! Sizin işiniz mənə sual verməkdi. Mənə daha ağıllı sual ünvanlasanız, sizə daha ağıllı cavab verərəm. Bəlkə mən üç hücumçulu sxemdən istifadə etməməklə səhv edirəm, bəlkə də bunu düzgün edirəm. Bu komandanın daha çox hücumçudan yararlanmaqla zəif oyun göstərəcəyini bilmirəm. Bildiyim odu ki, vəzifəm mövsümü ilk 4 yerdən birində başa vurmaqdı və biz bu yolla irəliləyirik”.





