Türkiyəli ulduz yenə zədələndi

25.11.2026 10:28
Dünya futbolu
''İnter'' Hakan Çalhanoğlunun durumu ilə bağlı rəsmi açıqlama verib.

Klubun bəyanatında türkiyəli ulduzun noyabrın 24-də Rotsanoda yerləşən ''Humanitas'' adlı kliniki tibb mərkəzində müayinədən keçdiyi və onun sağ ayaq əzələsində problem aşkarlandığı qeyd olunub.

Tanınmış futbolçunun ən azı 1 aylığa sıradan çıxdığı məlum olub. Bu da o deməkdi ki, Çalhanoğlu Çempionlar Liqasında ''Ştutqart''la Dortmund ''Borussiya''sına, A seriyasında ''Cenoa'', ''Frozinone'', ''Torino'' və ''Leççe''yə, eləcə də İtaliya kubokunda ''Cenoa''ya qarşı oyunları buraxmalı olacaq.

İtaliya mənbələrinin yazdığına inansaq, 32 yaşlı yarımmüdafiəçi ən yaxşı halda dekabrın 22-də baş tutacaq ''Latsio''ya qarşı İtaliya superkuboku uğrunda matçda sıraya dönəcək. Müqaviləsinin son ilində olan Çalhanoğlunun növbəti zədəsi heç yerinə düşmədi. ''İnter'' rəhbərliyi zatən son dönəmlərdə zədəyəmeyilli olduğu üçün Hakana uzun müddətli yeni müqavilə təklif etməkdən çəkinir. Türkiyə yığmasının kapitanı bu mövsüm artıq ikinci dəfə sıradan çıxıb. O, sentyabrda da zədə üzündən bir neçə oyunu qaçırmışdı.

''Fənərbaxça''nın ciddi maraq dairəsində olan və ''İnter'' ilə cəmi 7 aylıq müqaviləsi qalan təcrübəli futbolçunun mövsümün sonunda İtaliyanı tərk etməsi ehtimalı orda qalması ehtimalından daha yüksəkdi.