İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi 25 yaşlı Ovonoya münasibətdə 102-ci maddəni tətbiq edib. Həmin maddə rəqibin sağlamlıq durumunda ciddi fəsadlara səbəb olan qayda pozuntsuna görə 4-dən 12 oyuna qədər cəzalanmağı nəzərdə tutur.
Bundan başqa, Ekvatorial Qvineya yığmasının oyunçusunun və onun klubunun üzərinə 52-ci maddə əsasında cərimə də qoyulub. Qapıçının cəzalandığı hər oyuna görə komandası 200 avro ödəməlidi, yəni “Andorra” ümumilikdə 2400 avro ödəyəcək. Futbolçu üçün də ayrıca maliyyə sanksiyası nəzərdə tutulub.
Xatırladaq ki, faciə noyabrın 2-də, İspaniya çempionatının 2-ci liqasının 12-ci turunun oyununda baş verib. Uzatma dəqiqələrində, hesab 2:2 olarkən De Migelin topa yiyələnməsinə mane olmağa çalışan Ovono qapıdan xeyli irəli çıxıb. Havaya tullanan qapıçı hücumçu ilə toqquşub, bu zaman dizi onun sinəsinə dəyib. Hakim dərhal afrikalıya birbaşa qırmızı vərəqə göstərib.
Toqquşmadan sonra qazona yıxılan forvard huşunu itirib. Ona ilkin yardım göstərən həkimlər dərhal xəstəxanaya çatdırıb. Futbolçunun ürəyi dayanıb. Həkimlər De Migelin nəbzini bərpa edə bilsələr də, noyabrın 3-ü səhər saatlarında “Tenerife” futbolçunun dünyasını dəyişməsi ilə bağlı məlumat yayıb.
İntizam Komitəsi cəza verərkən toqquşmada aşırı şiddəti qeyd edən referinin raportuna əsaslanıb. RFEF-in komitəsinin qərarında deyilir:
“Hakimin hadisə ilə bağlı izahı qayda pozuntusunun hədsiz ağırlığını həm törədilmə tərzi (yuxarı qaldırılmış ayaqla), həm də toqquşmanın şiddəti baxımından müəyyənləşdirməyə imkan verir. Xüsusilə əhəmiyyətli olan güc tətbiqidi ki, mübahisəli top olmasına baxmayaraq, hakim bunu açıq şəkildə həddən artıq adlandırıb”.
Paralel şəkildə İspaniya polisi də futbolçunun ölümünün təhqiqatına başlayıb. Yerli mediada hətta Ovononun cinayət təqibinə məruz qalmasının mümkünlüyü müzakirə olunub. İspaniya Cinayət Məcəlləsinin 142-ci maddəsi kobud ehtiyatsızlıq üzündən ölümə səbəb olma halında 1 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur.
Ancaq Santa-Krus-de-Tenerifenin prokuroru Xose Luis Sançes-Xaureqi cinayət işinin qaldırılacağını güman etmir. Onun fikrincə, toqquşmanın hər iki futbolçunun top uğrunda mübarizə apardığı oyun epizodunda baş verdiyini nəzərə almaq zəruridi. Bununla belə, faciəyə hələ də yekun hüquqi qiymət verilməyib.
“Marca” və AS nəşrləri bildirir ki, De Migelin ölümündən sonra qapıçı praktiki cəhətdən evdən çıxmır, məşqləri də dayandırıb. Yaxınları onu internetdəki xəbərlərdən və şərhlərdən uzaq tutur, “Andorra” isə futbolçuya psixoloji dəstək təklif edib.
Sosial şəbəkələrdəki kütləvi təhqir vəziyyəti daha da dərinləşdirib. Ovononun ünvanına təhqirlər və təhdidlər, irqçi xarakterli çağırışlar daxil olur. Qapıçının həmsoyadı, İspaniyanın “Kan Vidalet” klubunda çıxış edən Mişel Ovono da nifrət dalğası ilə üzləşib. O, publikaya faciə ilə heç bir əlaqəsinin olmadığını izah etməli olub.
Noyabrın 4-də “Andorra” qapıçısının faciədən sonrakı ilk müraciətini yayıb:
“Həyatımdakı ən ağır günlərdi. Söz tapmaq, başverənləri dərk etmək mənim üçün çətindi. Xesusun ölümünə görə hədsiz ağrıyıram. O, ailəsi, sevənləri haqda düşünürəm. Bəzi məsələləri həll etməyin vacib olduğunu bilirəm, hər şeyi anlayışla qarşılayacam. Ancaq indi, düzünə qalsa, Xesusdan başqa heç nə haqda düşünə bilmirəm. Rahat uyu, Xesus”.
Klub ictimaiyyəti futbolçusuna maksimum həssaslıq və hörmət göstərməyə çağırıb. Noyabrın 12-də isə “Andorra”nın baş məşqçisi Karles Manso Ovononun karyerasını bitirməyin mümkünlüyü haqda xəbəri şərh edib. O, qapıçının gələcəyi ilə bağlı vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb və bildirib ki, KİV-də yer alan xəbərlərin heç də hamısı həqiqətəuyğun deyil. Baş məşqçi Xesusun hələ məşqlərə qatılmadığını təsdiqləyib, ümumiyyətlə, klubda onun meydana dönüşü ilə bağlı tələsmirlər.
Ovono hətta başsağlığını şəxsən çatdırmaq üçün mərhum futbolçunun ailəsi ilə əlaqə saxlamasına yardım göstərilməsini də xahiş edib. Futbolçu faciənin ertəsi günü bunu istəyib, ancaq yaxınları Xesusun ailəsinə bir qədər vaxt verməyi məsləhət görüblər.





