Arsenal (London, İngiltərə): Raya, Uayt, Saliba, Qabriel, Kivyor (Zinçenko, 106), Rays, Juninyo (Qabriel Jezus, 83), Edeqor, Haverts, Saka, Trossar (Nketia, 106).
Portu (Portuqaliya): Koşta, Joao Mario (X.Sançes, 86), Pepe, Otavio, Vendell, Varela, Niko (Qruiç, 90+7), Konseysao (Euştakio, 101), Pepe Akino, Qaleno, Evanilson (Taremi, 86).
Qol: Trossar, 41.
Penalti seriyası: Edeqor – 1:0. Pepe Akino – 1:1. Haverts – 2:1. Vendell – 2:1 (qapıçı). Saka – 3:1. Qruiç – 3:2. Rays – 4:2. Qaleno – 4:2 (qapıçı).
Vərəqələr: Saliba, 39. Pepe, 73. Haverts, 116 - sarı.
Hakim: Kleman Türpen (Fransa).
12 mart. London. 60257 tamaşaçı.
İlk oyun - 0:1.
oyunun statistikası
14 (4) qapıya (“çərçivə”yə) zərbə 9 (3)
9 künc zərbəsi 1
3 ofsayd 3
18 qayda pozuntusu 20
2 (0) sarı (qırmızı) vərəqə 1 (0)
55 topa sahibolma (faizlə) 45
ÇL-də 2016/17 mövsümündən sonra ilk dəfə pley-offa vəsiqə qazanan “Arsenal” üçün statistika heç də ürəkaçan deyildi. İngiltərə klubu 1/8 finalın ilk oyunu çərçivəsində keçirdiyi əvvəlki 7 matçda məğlub olmuşdu. Londonluların son 7 halda bu mərhələni adlaya bilməməsi də diqqətdən yayına bilməzdi. Onların çərşənbə axşamına qədər “Portu” ilə keçirdiyi 4 oyunda qələbə üzü görmədiyini (1 heç-heçə, 3 məğlubiyyət) də qeyd edək. Bu da maraqlı idi ki, Portuqaliya klubu İngiltərə təmsilçiləri ilə keçirdiyi əvvəlki 6 matçdan yalnız birində qalib gələ bilmişdi (1 heç-heçə, 4 məğlubiyyət). Həmin qələbə isə fevralın 21-nə təsadüf etmişdi. Başqa sözlə, onda “Portu”nun yox, “Arsenal”ın uğursuz seriyası davam etmişdi. Ötən ay 1/8 finalın Portuda keçirilən ilk oyununda Qalenonun 90+4-cü dəqiqədə vurduğu qol yerli komandaya minimalhesablı qələbə gətirmişdi. Halbuki Mikel Artetanın komandası “Draqao” stadionunda topa daha çox sahib olmuş, buna baxmayaraq, bu plandakı üstünlüyündən heç cür yararlana bilməmişdi. Son saniyələrdə buraxılan qolla isə şok yaşamışdı. Diqqəti cəlb edən bu faktı da vurğulayaq. “Arsenal”ın ÇL-in 1/8 finalının ilk oyununda uduzandan sonra mərhələni adlamasına sonuncu dəfə məhz “Portu” ilə dueldə rast gəlinmişdi: londonlular 2009/10 mövsümündə səfərdə 1:2 hesablı məğlubiyyətin əvəzini evdə 5 cavabsız qolla çıxmışdılar!
Maraqlıdı ki, “Arsenal” yenə bu rəqibi ilə duellərdən sonra ÇL-də 14 illik sindroma son qoydu! Amma bu dəfə londonluların işi çox çətin oldu. Gözlənildiyi kimi, Serjio Konseysaonun çalışdırdğı komanda ilk növbədə qapısının toxunulmazlığını təmin etməyə çalışırdı. Buna nail olan portulular rəqibə uzun müddət Koştanın qoruduğu qapı qarşısında real qol vəziyyəti yaratmaq imkanı vermədi. Yenə taktiki cəhətdən hazır görünən portuluların əziyyətini fasilə ərəfəsində iki oyunçunun fərdi bacarığı heçə endirdi: bir oyunçunu aldadan Edeqor şaquli istiqamətdə üç rəqibin arasından verdiyi ötürmə ilə Trossarı zərbə mövqeyinə çıxardı, o isə qapının küncünü dəqiq nişan aldı. “Portu” bundan sonra rəqib üçün qapısı qarşısında belə imkana şərait yaratmadı. Doğrudu, ikinci hissənin ortalarında həmin Edeqor özü topu qapıdan keçirdi. Lakin az əvvəl Havertsin rəqibə qarşı kobud oynamasına görə qol qeydə alınmadı. Ev sahibləri qapıya zərbələr üzrə üstünlüyə malik olsalar da, fərq heç də böyük deyildi. Hər necə olsa, “Arsenal” mübarizəni əsas vaxtda öz xeyrinə həll edə bilmədi.
30 dəqiqəlik əlavə vaxt daha əsəbi şəraitdə keçdi. Qapılar qarşısında real qol vəziyyətinə təsadüf olunmadı. Və əsas sualın cavabı zərurətə çevrilən penalti seriyasında tapıldı. Meydan sahibləri bu planda rəqibini aşkar üstələdi: Artetanın komandasının ilk 4 cəhdinin hamısı dəqiq alındı. Bu sınaqdan Raya da çox yaxşı çıxdı. Londonluların qapıçısı Vendell ilə ilk oyunun qəhrəmanı Qalenonun zərbələrini dəf etdi. Beləliklə, “Arsenal” ÇL-də pley-off sindromuna çətinliklə də olsa, son qoya bildi.
Faktlar
* “Arsenal” ÇL-in pley-offunda 5 oyunluq məğlubiyyət seriyasına son qoydu. Portudakı ilk matçdan əliboş dönən İngiltərə klubu 2016/17 mövsümünün 1/8 finalında “Bavariya”ya (1:5, 1:5), 2015/16 mövsümünün eyni mərhələsində isə “Barselona”ya (0:2, 1:3) uduzmuşdu.
* “Arsenal” ÇL-in 2009/10 mövsümündən sonra ilk dəfə 1/4 finala çıxdı.
* Pepe ÇL-in tarixinə ən yaşlı sahə oyunçusu kimi düşdü. “Portu”nun müdafiəçisi martın 12-də meydana 41 yaş 15 günlüyündə çıxdı. Turnirin ən yaşlı oyunçusu isə Marko Ballottadı. “Latsio”nun sabiq qapıçısı 2007-ci ilin dekabrında “Real”a qarşı 43 yaş 262 günlüyündə oynayıb. Bu planda növbəti üç yeri də qapıçılar tuturlar: Canluici Buffon 2020-ci ildə 42, Aleksandr Şovkovski 2016-cı, Mark Şvartser isə 2014-cü ildə ÇL matçında 41 yaşında meydana çıxıb.
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Çox şadam. Komanda ÇL-də sonuncu dəfə 1/4 finala 14 il əvvəl çıxmışdı və bu, “Arsenal” kimi böyük klub üçün hədən artıq uzun müddətdi. Bu müddət bizim sindromu necə çətinliklə qırdığımızı da göstərir. Matçın sonunda sehirli anı yaxalamaq üçün əməlli-başlı enerji sərf etməli olduq. Bunun üçün hamılıqla tər tökdük və sonda istəyimizə çatdıq”.
Serjio Konseysao, “Portu”nun baş məşqçisi:
“Uşaqlarla fəxr edirəm. Biz “Arsenal”ı hər iki oyunda üstələdik. Bizim premyer-liqada kifayət qədər qollar vuran lider komandaya qarşı əlavə vaxtda bir-iki şansımız oldu. Mərhələni keçmək üçün həddən artıq güc sərf etdik, amma bəxtimiz bir qədər gətirmədi. Əks halda bu turnirdə yolumuza davam edə bilərdik. “Arsenal”ın komandamıza necə təzyiq göstərəcəyini bilirdik. Rəqibin aqressiv oyununa hazır idik. Bu mərhələdə yol verdiyin səhv sənə baha başa gəlir. Mübarizəni dayandırmağımıza baxmayaraq, futbolçularımızı təbrik edə bilərəm. Onlar var güclərini meydana qoydular. Biz ümumilikdə rəqibdən daha yaxşı təsir bağışladıq və növbəti mərhələdə oynamağa layiq idik. Bu cütdə qalibi detallar müəyyənləşdirdi. Arteta ilə mübahisə? Həmkarıma təhqir etdiyi adamın artıq həyatda olmadığını dedim, komandasının məşqlərinə daha çox diqqət ayırmağı məsləhət gördüm. Çünki “Arsenal” potensialına görə daha yaxşı oynamağa qadirdi”.
David Raya, “Arsenal”ın qapıçısı:
“Çempionlar Liqasında ilk dəfə çıxış etmək çox xoş hissdi. Komandamız uzun müddətdən sonra 1/4 finalda oynayacaq. İlk dəqiqələrdən çox yaxşı oynadıq, meydanda dominantlıq etdik, qapı qarşısında təhlükələr yaratdıq və mübarizə penalti seriyasına qədər uzandı. Bu mövsüm penaltilər üzərində çox məşq etmişdik. Nə yaxşı ki, qapıçılar üzrə məşqçilərlə komandanın əziyyəti bəhrə verdi”.
Bukayo Saka, “Arsenal”ın yarımmüdafiəçisi: “Bizim üçün xüsusi gecə olacağı ürəyimə dammışdı. Fanatlarımız bizə hər şeyi bəxş etdilər, biz isə onlara borcumuzu geri qaytardıq. David möhtəşəm idi. Onun haqqını vermək lazımdı. Qapıçımız iki penaltiyə əla reaksiya verməklə komandamızı növbəti mərhələyə daşıdı”.
Bukayo Saka, “Arsenal”ın yarımmüdafiəçisi: “Bizim üçün xüsusi gecə olacağı ürəyimə dammışdı. Fanatlarımız bizə hər şeyi bəxş etdilər, biz isə onlara borcumuzu geri qaytardıq. David möhtəşəm idi. Onun haqqını vermək lazımdı. Qapıçımız iki penaltiyə əla reaksiya verməklə komandamızı növbəti mərhələyə daşıdı”.
Pepe, “Portu”nun müdafiəçisi:
“Əvvəlcə azarkeşlərə təşəkkür etmək istəyirəm. Onlar möhtəşəm idi. Mübarizəni bu şəkildə dayandırmaq adama daha pis təsir edir, amma bu, futbolun bir hissəsidi. Biz “Arsenal”a ev oyunundan başlayaraq çətin anlar yaşatdıq. Rəqibin qapı çərçivəsinə düşən ilk zərbəsi qol oldu. Komanda yoldaşlarımı təbrik etməliyəm. Ona görə ki, məşqçimizin verdiyi təlimatları yerinə yetirdilər. Amma daha yaxşı oynaya və qol vura biləcəyimiz epizodların olduğunu da deməliyəm. Ümumilikdə çox yaxşı oynadıq, təəssüf ki, mərhələni adlaya bilmədik”.





