"Neftçi"nin sadiq və ən böyük fanklubu "Forza Neftçi" klubu boykot edib.
Azarkeş qrupu bu barədə sosial şəbəkə hesabında bəyanat yayıb:
"Uğrunda hər şeyə razı olduğumuz, bütün fədakarlıqları etdiyimiz "Neftçi"nin oyunlarını müəyyən müddət və formalar çərçivəsində boykot etdiyimizi bəyan edirik. Başlıca səbəb mövsüm başlayandan etibarən sərgilədiyiniz qeyri-sabit, klubun adına, şöhrətinə, tarixinə yaraşmayan oyun göstərməyinizdi. Bundan başqa, hər oyundan öncə etdiyimiz xəbərdarlıqların hansısa dəyişikliklə nəticələnməməsi əsas səbəbin oyunla yox, digər məsələlərlə əlaqəli olduğunu göstərir. Papağınızı önünüzə qoyaraq, ya da dəyirmi masa ətrafında toplaşaraq fikirləşin. Dediyimiz sözləri qulağınızda sırğa etməklə qalmayın, nəzərə alıb gerçəkləşdirməyə başlayın. Vaxtınız başlayıb..."
“Football-plus.az”a daxil olan məlumata görə, "Forza Neftçi" ev və səfər oyunları daxil olmaqla iki-üç matçda tribunalarda yer almayacaq. Bu zaman ərzində nəticələr düzəlməsə, boykot mövsümün sonuna qədər davam edəcək.
KƏNAN BAHADIR