Bu oyun da böyük maraq doğururdu.
Bir tərəfdə yüksəlişdə olan, avrokuboklara iddiasını gizlətməyən “Səbail”, digər tərəfdə isə yeni baş məşqçinin gəlişindən sonra özünü sübut etməyə çalışan “Qəbələ” var idi. Sxadadzenin təyinatından sonra keçirdiyi ilk qarşılaşmada “Qarabağ”a böyük hesabla (0:4) uduzan “qırmızı-qaralar” bu dəfə doğma meydanda “dənizçilər”in müqavimətini qırmaq istəyirdi. Axı “Kəpəz”in bir gün əvvəl səfərdə “Sumqayıt” üzərində qələbə qazanması qəbələlilərin elitadan düşmək şansını daha da artırmış və aradakı xal fərqi 8-dən 11-ə çatmışdı. Təbii ki, qələbə qazanacaqları və “Qarabağ”la matçda “Neftçi”nin xal itirəcəyi təqdirdə 2-ci pilləyə yüksələcəyini anlayan Şahin Diniyevin yetirmələrinin də bu görüşə ciddi yanaşacaqları bəlliydi.
Meydan sahibləri ilk dəqiqələrdən rəqibi təzyiq altında saxlayırdı. Xüsusən də futbolçuların qısa ötürmələrlə əks-hücumlara çıxması Sxadadzenin komandaya yeni düzən gətirməsinin göstəricisiydi. Artıq 9-cu dəqiqədə Auaşeriyanın ötürməsini Xalayla dəyərləndirə bilmədi. Buna baxmayaraq, qəbələlilərin pressinqi davam etdi. Bu təzyiq 13-cü dəqiqədə Yusifin Auaşeriya ilə mübabrizədə kobudluğa yol verməsinə və daha sonra səhvini düzəltmək üçün topu auta göndərməsinə səbəb oldu. Topu qazanan “qırmızı-qaralar” hücumun davamında hesabı açdı. Nicatın sağ cinahdan qapı qarşısına ötürməsini rəqib oyunçularının diqqətindən yayınan kapitan Urfan qola çevirdi – 1:0. Səlahətə, sadəcə, bu zərbəni seyr etmək qaldı. “Dənizçilər” özünə gəlməmiş fərq artdı. 26-cı dəqiqədə Almeydanın kobud ötürmə səhvindən sonra topu ələ keçirən Bilelin boşluqda olan Xalaylanı görməsi tablodakı rəqəmləri dəyişdi – 2:0. Bu dəfə qapıçı reaksiya versə də, zərbəni dəf etmək mümkün olmadı. Oyunun meydan sahiblərinin üstünlüyü şəraitində keçdiyi vaxtda çarx tərsinə çevrildi. Atanqananın ötürməsini doğru ram edə bilməyən Afriko Pedroya qarşı aşkar kobudluq etdi. Rauf Cabbarov epizodu dəyərləndirmək üçün VAR-ın da yardımına ehtiyac duydu. Belədə Afrikoya birbaşa qırmızı vərəqə ilə meydandan qovan referi qəbələlilərin qapısına cərimə zərbəsi təyin etdi. “Qırmızı-qaralar” artıq 40-cı dəqiqədən azlıqda oynamağa məcbur idi. Xatırladaq ki, əvvəlki oyunda da Abu Akal komandasını azlıqda qoymuş, “Qarabağ” bundan sonra üç qol vurmuşdu. Bu mənada meydan sahiblərini ümidləndirən yeganə məqam, hər halda, “Səbail”in “Qarabağ” olmaması idi.
İkinci yarıda ilk təhlükəli zərbə “Qəbələ”dən gəldi. Allaşın uzaq məsafədən baxımlı zərbəsinin qarşısını Səlahət çətinliklə aldı. 50-ci dəqiqədə isə Allaşın standart vəziyyətdən topu qapı qarşısına göndərməsindən sonra Xalaylanın baş zərbəsi “çərçivə”dən yan keçdi. Azlıqda qalmasına baxmayaraq, dominantlıq hələ də bölgə təmsilçisində idi. Fəqət 58-ci dəqiqədən etibarən vəziyyət dəyişdi. Pedronun künc zərbəsindən sonra komandanın kapitanı Yusif başla dəqiq oynayaraq hesab arasındakı fərqi azaltdı – 1:2. Cəmi 4 dəqiqə sonra Yusif yenidən səhnədə göründü. Onun cərimə zərbəsindən qapıya yönəltdiyi topu Atanqana çətinliklə dəf etdi. “Dənizçilər” get-gedə təzyiqi artırırdı. Tezliklə Diniyevin yetirmələri hesabı bərabərləşdirməyə nail oldu. 65-ci dəqiqədə Pedronun zərbəsi istədiyi kimi olmasa da Rüfət bunu qola çevirdi – 2:2. Oyunda son nöqtəni də “Səbail” qoydu. İlk uzatma dəqiqəsində Madinin qapı qarşısına göndərdiyi topu müqavimətə rast gəlməyən Bardea başla tora qovuşdurdu – 2:3.
Beləliklə, “Səbail” geridönüş etməklə 3 xal qazandı. Bununla da “dənizçilər” turnir cədvəlində 2-ci pilləyə yüksəldi. “Qəbələ” isə “Kəpəz”lə aradakı 11 xallıq fərqi azaltmaq əvəzinə elitadan düşmək təhlükəsini bir qədər də artırdı.
Gözdən qaçmadı
* “Səbail”in “Dənizçilər”, “Qəbələ”nin “Red-Black Army” azarkeş qrupu tribunadakı yerini tutmuşdu. Say baxımından “Dənizçilər” üstün idi.
* Tamaşaçılardan biri top Ramalinqomun qoluna dəydiyinə görə matçı saxlamayan laysmana etirazla “saxla da, niyə saxlamırsan, gözünün qabağındadı” dedi.
* “Səbail”in əvəzedici heyəti oyunu tamaşaçı qismində “Dənizçilər” azarkeş qrupunun yanındakı tribunadan izləyirdi.
* Yerli azarkeşlərdən biri oyundan sonra paltardəyişmə otağına yollanan “Qəbələ” futbolçularına “kişi kimi oynamırsız” söylədi.
KAMAL SƏFƏR