2019/20-də hətta “İstanbul BŞ” Okan Burukun başçılığı altında tarixinin ilk və hələ ki yeganə çempionluğunu qazanıb. Dekabrın əvvəllərindən bəri “City Football Group” (CFG) şirkətinin başakşəhərlilərin səhmlərinin ən azı 40 faizini alacağı ilə bağlı şayiələr dolaşırdı. Bu baş verəcəyi təqdirdə “İstanbul BŞ” hazırda 1-ci liqada çıxış edən “Göztəpə”dən sonra Türkiyə futbolunda xarici investorlarların idarə edəcəyi ikinci klub olacaqdı. İki aydan çoxdu davam edən danışıqlar srağagün başa çatdı. Amma CFG İstanbul təmsilçisinin sahibinə çevrilmədi. Sadəcə, tərəflər arasında futbol sahəsində işbirliyi anlaşması ilə bağlı müqavilə imzalanıb. Həmin anlaşmaya əsasən şirkət “İstanbul BŞ”yə müxtəlif futbol layihələrində, uzunmüddətli strategiyalarda, personal və skaut seçimində, “altyapı”da imfrastrukturun düzgün qurulması, təcrübəli məşqçilərin cəlb olunması məsələlərində yardım edəcək.
CFG bir növ başakşəhərlilərin baş məsləhətçisinə çevriləcək, eləcə də istedadlı gənclərin yetişdirilməsinə, onların Avropa klublarına transferinə də yardım edəcək. Bunun sayəsində CFG həm də futbola maraq və istedadların yetişməsi baxımından fərqlənən ölkələrdən olan Türkiyə ilə əməkdaşlığı genişləndirəcək. CFG-nin baş direktoru Brayan Marvud imza mərasimində bunları deyib: “Bu işbirliyi anlaşması bizi çox məmnun etdi. CFG olaraq, geniş əlaqələrimiz və təcrübəmiz ilə Türkiyə futbolunun, eləcə də “İstanbul BŞ”nin böyüməsini dəstəkləyəcəyik”. Başakşəhərlilərin prezidenti Göksəl Gümüşdağın sözləri isə belə olub:
“Gənc yaşına rəğmən, Türkiyə futbolunda bir çox ilkləri bacarmış “İstanbul BŞ” həm özü, həm də ölkə futbolu üçün tarixi addım ataraq daha bir ilki həyata keçirdi. Hər fürsətdəcə baxış tərzimizin və hədəflərimizin fərqli olduğunu söyləyirik. Bu gün bunu bir daha sübut etdik. Dünyanın ən böyük futbol şirkətlərdinən biri ilə əməkdaşlıq müqaviləsi imzaladığımıza görə çox şadıq. Danışıqlar prosesi bir qədər uzun çəksə də, CFG-nin hər bir üzvünə anlayışları və dəstəkləri üçün təşəkkür edirəm. Klubumuza və Türkiyə futboluna xeyirli olsun”.
Qeyd edək ki, 2013-cü ildə qurulan CFG futbol dünyasının ən böyük və nüfuzlu şirkətlərindən biri sayılır. Bu şirkət müasir futbolun ən güclü və tanınmış klublarından olan “Mançester Siti”nin sahibidi. Eləcə də şirkət “Jirona”, “Trua”, “Bayya”, “Palermo” daxil olmaqla 5 fərqli qitədə 13 klubun səhmlərinin müəyyən hissəsini əlində saxlayır. CFG-nin özünün səhmlərinin böyük hissəsi Şeyx Mənsura, 18,6 faizi isə ABŞ-ın “Silver Lake” adlı texnologiya və sərmayə şirkətinə məxsusdu.





