Bu oyun hər iki tərəf üçün vacib idi. Muxtar Respublika təmsilçisi son iki turda uduzmuşdu. “Sumqayıt” isə “avrokubok zonası”ndan uzaq düşməmək üçün qələbəyə oynayacaqdı.
Oyun meydan sahiblərinin təzyiqiylə başladı. Azər Bağırovun yetirmələri ilk dəqiqələrdən rəqibi meydanın özünə aid hissəsinə sıxışdırdı. Nəticədə ilk qol vəziyyətini məhz naxçıvanlılar yaratdı ki, Kadiri qeyri-dəqiq oldu. Ardından Mehdi Turanın zərbəsini dəf etdi. Bu ərəfədə Muxtar Respublika təmsilçisinin aşkar üstünlüyündən bəhs etmək olar. “Sumqayıt” müdafiə olunmaqda çətinlik çəkdiyi kimi, kəsərli hücumlar da qura bilmirdi. Amma qol vəziyyətlərinin boşa verilməsi meydan sahiblərini ruhdan salırdı. Artıq müdafiə xəttində boşluqlar yaranmağa başladı. Sonda küncdən zərbə qazanan “Sumqayıt” hesabı açdı. Birinci hissə boyunca cəmi bir dəfə fürsət əldə edən “kimyaçılar” bundan maksimum yararlandı. Daha dəqiqi, Suliman Rövlanın ötürdüyü topu başla tora qovuşdurdu. Avramın topa çıxışda kobud səhvini də vurğulamağa dəyər.
İkinci yarı qonaqların üstünlüyü şəraitində başladı. “Sumqayıt” hücumda tutarlı, müdafiədə etibarlı çıxış edirdi. Meydan sahibləri isə sanki matçdan qopmuşdu. Qonaqlar növbəti künc zərbəsində ikinci dəfə fərqlənə bilərdi. Avram Kamranın başla zərbəsini yumruqlarıyla dəf etməsə, məhz belə olacaqdı. Daha sonra 2-ci hissənin əvvəlində Maşikenin yerinə meydana çıxan Rodriges şansını sınadı. Qapıçının yerdə olduğunu görən portuqaliyalı yarımmüdafiəçi 51-ci dəqiqədə topu yuxarı istiqamətdə göndərdi. Bu dəfə tir qola imkan vermədi. Cəmi 4 dəqiqə sonra diqqətçəkən anların şahidi olduq. Belə ki, Kamran Nicatı kobud müdaxiləylə yerə yıxdı. Əliyar Ağayev “kimyaçılar”ın oyunçusuna “sarı” göstərsə də, VAR məsələyə müdaxilə edib qırmızı vərəqənin verilməsi ehtimalının yoxlanılmasını istədi. Amma görüntüləri təhlil edən ədalət təmsilçisi qərarından dönmədi. 59-cu dəqiqədə, nəhayət, meydan sahiblərinin hücum cəhdləri fayda verdi. Melo Kuzmanoviçin ötürməsini başla qapıdan keçirdi (yeri gəlmişkən, bu qol PFL-in saytında səhvən Nuno Rodrigesin adına yazılıb – red.). Bu qol, əlbəttə, rəqib üçün “soyuq duş” effekti yaratdı. Çünki hər şey bir anda baş verdi. Çox keçmədən Nicat da topu tora qovuşdurdu. Lakin bu dəfə qol qeydə alınmadı. Çünki top yarımmüdafiəçiyə çatmazdan öncə meydanı tərk etmişdi. İrəliləyən dəqiqələrdə həm “Araz-Naxçıvan”, həm də “Sumqayıt” hücuma üstünlük verdi. Kuzmanoviç bir, Sorqa isə iki real qol imkanından faydalana bilmədi. Çətin ki, 1:1 tərəflərdən hansınısa razı sala.
Gözdən qaçmadı
* “Kimyaçılar” və “Sektor 85” tribunada yerini almışdı. Yeri gəlmişkən, “Sektor 85”in əsasən azyaşlılardan və komandanın aşağı yaş qrupunun üzvlərindən ibarət olduğuna diqqət etdik.
* Epizodlardan birində “Araz-Naxçıvan” futbolçusunun zərbəsindən sonra top stadionu tərk etdi.
* Avramın skamyaya tuş gələn zərbəsindən sonra oturacaq parça-parça oldu.
* 2-ci hissədə yan xətt hakimi meydanın daxilində qaçırdı. O, xətt üzərində ya da xətdən kənarda yox, oyunçuların yanında gəzirdi.
KƏNAN BAHADIR