Dünən 31 yaşını tamamlayan hücumçu 12-ci turun "Turan Tovuz"la ev oyunundan – noyabrın 3-dən bəri yaşıl meydana həsrətdi. O, rəqibin müdafiəçi Faiq Hacıyevlə mübarizə zamanı başından və çənəsindən aldığı zərbə üzündən huşunu itirmişdi.
Həmin vaxtdan bəri dəfələrlə “Səbail” düşərgəsi ilə əlaqə saxlamışıq, ictimaiyyət arasında gəzən söz-söhbətə aydınlıq gətirmək istəmişik. Sirr deyil ki, Ağabalanın karyerasını məcburiyyətdən bitirməli olacağını deyənlər çoxdu. Komandanın baş məşqçisi Şahin Diniyev isə “Futbol+”ə verdiyi son müsahibədə hücumçunun Türkiyəyə gedəcəyini demişdi. Bəs qardaş ölkəyə səfərin məqsədi nədi? Burda müalicə yetərincə effektli deyilmi? Şahin Diniyevin "Football-plus.az"a söylədikləri:
"Ağabala bu gün səhər saatlarında həkimimizlə birgə Türkiyəyə yollandı. Bütün müayinələrdən keçib iki gün sonra geri dönəcək. Karyerasını bitirməsi? Mövsümün ikinci yarısında oynamaması? Yox, əstəğfürullah… Sadəcə, nə vaxt oynayacağını həkimlər müəyyənləşdirəcək. Çox güman, martın axırında və ya aprelin əvvəlində yaşıl meydana dönə biləcək".
KƏNAN BAHADIR






