Ağabala Bilgəh sanatoriyasında dincəlir

30.11.2023 15:12 267
Aktual / Ölkə futbolu
“Səbail”in hücumçusu Ağabala Ramazanovun premyer-liqanın 12-ci turunda - “Turan Tovuz”la ev matçında (2:1) zədələnməsindən xəbərdarsız. Daha dəqiq desək, o, rəqibin müdafiəçisi Faiq Hacıyevlə mübarizədən sonra yerə yıxıldı.

Başverənlərdən dərhal sonra xəstəxanaya çatdırılan kapitan hazırda Bakıda yerləşən sanatoriyalardan birində müalicə alır. Ciddi həkim nəzarəti altındadı. Bu fikirləri qəzetimizə açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib. Amma eyni zamanda futbol camiəsində Ağabalanın bir daha yaşıl meydana dönə bilməyəcəyini iddia edənlər də var.

Görəsən, Ağabalanın vəziyyəti yaxşıdısa, nə üçün sanatoriyada müalicə alır? Oyunçunun səhətində hansısa problem var? Bu sualları Ağabalanın qardaşı Zaur Ramazanova ünvanladıq. Veteran futbolçu məsələ ilə bağlı bunları söylədi:

“Ağabalanın vəziyyəti yaxşıdı. Xəstəxanadakı müalicəsini bitirdi. İndi sanatoriyadadı. Müalicəsini davam etdirir. İnşallah, qışa kimi vəziyyəti tam düzələr. İkihəftəlik istirahət edir. Evdə uşaqların səs-küyündən bir az uzaqlaşmaq üçün sanatoriyaya getmək istədi. Yanına tez-tez gedirəm. Dostları da maraqlanır. Onlar da yanına gedirlər. Mən də 2-3 gün qaldım. Bilgəh Kardioloji Sanatoriyasındadı. Ürəyində hansısa problem yoxdu. Sadəcə, orda dincəlir”.


İLKİN SULTANLI