BOS-da hazırlığa başlayan "Araz Naxçıvan"ın düşərgəsində neçə futbolçu var?

2.07.2023 16:04 652
Premyer-liqa / Manşet
"Araz Naxçıvan" premyer-liqanın hazırlığına başlayıb.

Xüsusilə sponsor və stadion məsələlərində çətinlik çəkən klub növbəti mövsümdə elitada yerini möhkəmlətməyə çalışacaq.

Əldə etdiyimiz məlumata görə, Muxtar Respublika təmsilçisinin idarəetmə strukturunda vacib dəyişikliklər baş verib. Bu, qarşıdakı günlərdə rəsmən elan ediləcək.

Problemlərə baxmayaraq, klubun taleyini komandanın yaşıl meydanlarda qazandığı nəticələr müəyyənləşdirəcək.

Beləliklə, heyətin indiki durumu maraq mövzusudu. Bunu nəzərə alaraq, "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırovla danışdıq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:

"Dünəndən Bakı Olimpiya Stadionunda məşqlərə başlamışıq. Nihad Qurbanlı, Nicat Süleymanov, Abdulla Rzayev, Ruslan Hacıyev, Fəhmin Muradbəyli kimi futbolçular bizimlədi. Ötən mövsüm "Araz Naxçıvan"da forma geyinmiş bir neçə futbolçu da düşərgədədi. Yeni transferlər nəzərdə tutulub. Danışıqlar davam edir. Bəzi oyunçularla yaxın vaxtlarda müqavilə imzalanacaq. Heyətdə hələ ki 13 futbolçu var".


KƏNAN BAHADIR