Karyerasını ''Valensiya''da davam etdirən Türkiyə yığmasının üzvü Cenk Özkacar gələcəyi ilə bağlı qərar qəbul edib.
"Footnall-plus.az" xəbər verir ki, son dönəmdə əsas heyətə düşməkdə çətinlik çəkən 23 yaşlı futbolçu klubunu dəyişmək niyyətindədi.
Cenkin əsas hədəfi AÇ-2024-də Türkiyənin heyətində yer almaqdı. Ancaq ''ay-ulduzlular''ın baş məşqçisi Vinçentso Montella oyunçulara ''yığmada yer almaq istəyən ilk növbədə öz klubunda daimi oyun praktikasına malik olmalıdı'' mesajını göndərib. La Liqanın son turunda ''Valensiya'' ilə səfər oyununda Cenkin start heyətində meydana çıxacağı gözlənilirdi. Çünki əsas müdafiəçilərdən biri olan Diakabi Afrika Millətlər Kubokuna yollanmışdı. Buna baxmayaraq Cenk yenə də ehtiyatda qaldı. Düzdü, İspaniya kubokunda ''Kartaxena''ya qarşı görüşdə türkiyəli əvvəldən sona qədər meydanda oldu. Amma məşqçi əsas oyunlarda ona güvənmir.
Bu futbolçuya Türkiyədən ''Beşiktaş''la ''Trabzonspor'' da maraq göstərir. Amma İspaniya mətbuatının yazdığına görə ''Valensiya'' Cenki icarəyə göndərmək niyyətində deyil. Rəhbərlik bu futbolçunu yalnız satmaqda maraqlıdı. Müdafiənin həm mərkəzində, həm də solunda oynamağı bacaran Cenk bu mövsüm ''Valensiya''da yalnız 11 rəsmi oyunda forma geyib və 1 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ