Kənan Yıldızı əllərindən buraxan almanlar indi də diqqəti Can Yilmaz Uzuna yönəldib.
“Football-plus.az” xəbər verir ki, bilindiyi kimi, Almaniyada doğulan, 10 il “Bavariya”nın akademiyasında futbolun sirlərini öyrənən 18 yaşlı Yıldız sonda üstünlüyü Türkiyə yığmasına verdi. Özü də “ay-ulduzlular”ın heyətində ilk qolunu məhz Almaniyaya vurdu. Bu mövsüm adından söz etdirən digər gənc qürbətçi futbolçu Can Uzundu. 2005-ci il təvəllüdlü yarımmüdafiəçi hazırda 2-ci bundesliqada çıxış edən “Nürnberq”in şərəfini qoruyur. Messini öz idealı adlandıran istedadlı futbolçu bu mövsüm 16 rəsmi oyunda 9 qol, 2 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləyib. Hələ ki bu futbolçunun yığma mövzusunda seçimi bəlli deyil. O, 2021-də və 2022-də uyğun olaraq Türkiyənin U-17 və U-18 yığmalarında forma geyib. Amma U-18-dən sonra Can nədənsə nə U-19-da, nə də Türkiyənin gənclər yığmasında oynayıb. Yeri gəlmişkən, o Kənan Yıldızla yaxın dostdu. Onların hər ikisi Almaniyanın Reqensburq şəhərində doğulub. Bu arada Türkiyə mətbuatının iddiasına görə, Almaniya Futbol İttifaqı (AFİ) Can Uzunu ələ keçirmək üçün fəaliyyətə başlayıb. Onlar bugünlərdə həm futbolçunun özü ilə, həm də ailə üzvləri ilə görüş keçiriblər. Ancaq futbolçu və ailəsi AFİ-yə heç bir konkret cavab verməyib. Digər tərəfdən gənc istedad Türkiyənin U-21 yığmasının son matçlarında da yer almayıb. Baxmayaraq ki, onun heç bir zədəsi yox idi. Artıq son söz Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanındı. Almanların arzusunu gözündə qoymaq üçün onun martdakı yoldaşlıq oyunlarında Can Uzuna da dəvət göndərəcəyi gözlənilir. Onu da bildirək ki, bu futbolçuya həm Türkiyədən, həm də İngiltərədən təkliflər var. Amma Can Uzun qışda klubunu dəyişmək niyyətində deyil. O ən azı cari mövsümün sonuna qədər “Nürnberq”də qalacaq.