“Haqlı olduğumuzu ilk gündən bilirdik” – Tural Bayramlının vəkili qərardan razıdı

26.12.2023 16:07 211
Ölkə futbolu / Manşet
“Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlının keçmiş klubu “Səbail”i müqavilənin şərtlərini yerinə yetirməməklə suçladığını, bu üzdən AFFA Appelyasiya Arbitraj Tribunalına müraciət etdiyini xəbər vermişdik.

Artıq məsələylə bağlı yekun qərar bəllidi. Şikayətin qismən təmin edilib. Yəni, "Səbail iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) manat ödəməli olacaq.

Görəsən, nəticə futbolçunu qane edir? Çünki, Apellyasiya şikayətin qalan hissəsi təmin etməyib və Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.

Tural vəkili Elcan Həsənli “football-plus.az”ın sualını cavabladı:

“Haqlı olduğumuzu ilk gündən bilirdik. Sevindirici haldı ki, ən azından indiki mərhələdə Appelyasiya Arbitraj Tribunalı sözügedən qanunsuz qərarı ləğv etdi. Ümid edirik ki, bu qərar bundan sonra başqa idmançılar üçün də stimul olar və pozulmuş hüquqlarının müdafiəsində daimi olaraq, peşəkar hüquqi xidmətdən istifadə edərək ədalətin bərpa olunmasına nail olarlar”.

MİRKAMAL KAZIMZADƏ