"Azarkeşlərin futbola baxması üçün heç bir problem yoxdu, inşallah, yağış yağmaz” - Tarixi oyuna 4 saat qaldı!

14.12.2023 17:45 227
Aktual / Ölkə futbolu
Bu gün Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Həkken” oyununun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi hamıya bəllidi.

Ötən günlərdə güclü külək üzündən stadionun dam örtüyünün bir hissəsinin uçduğunu və bu problemin aradan qaldırılması istiqamətində iş görüldüyünü xəbər vermişdik. Təmir işləri, təəssüf ki, can aldı. Srağagün arenanın təmirinə cavabdeh olan podratçı şirkətin bərpa işlərinin gedişində fəhlələrdən biri yıxılaraq ağır xəsarət alıb. Xəstəxanaya aparılan 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sulduz Şükürovun həyatını xilas etmək mümkün olmayıb. İşlərin nə yerdə qaldığını, azarkeşlərin rahat şəkildə oyuna baxa bilib-bilməyəcəyini öyrənmək üçün stadionun direktoru Tələt Məmmədovla danışdıq:

“Stadionun dam örtüyünün cırılmış hissəsi götürülüb. Azarkeşlərin futbola baxması üçün heç bir problem yoxdu. İnşallah, yağış yağmaz”.

MİRKAMAL KAZIMZADƏ