“Tribunalın belə açıqlama yayması çox qəribədi” – Turalın vəkili

12.12.2023 14:33 400
Aktual / Ölkə futbolu
“Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlı ilə sabiq klubu “Səbail” arasında yaşanan qalmaqaldan xəbərdarsız.

Oyunçu sabiq klubunu məhkəməyə verib. O, Bayıl təmsilçisini müqavilədəki şərtləri yerinə yetirməməkdə suçlayır. Oktyabrda AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi Turalın "Səbail"dən kompensasiya tələbi və kluba idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddiasını təmin etməyib. Bundan sonra yarımmüdafiəçi AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət edib. Dünən qurum hər iki tərəfin iştirakı təmin edilməklə apellyasiya şikayətinə baxış iclası keçirib. Tərəflərin bildirdiyi yeni hallara dair əlavə araşdırmanın aparılması zərurəti yarandığına görə yekun qərarın elan edilməsi təxirə salınıb.
Görəsən, yekun qərar nə vaxt veriləcək? Tribunal yeni hallar deyərkən, hansı məqamları nəzərdə tutur? Bu suallarla Turalın vəkili Elcan Həsənliyə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:

“Sözün açığı, məsələ ilə bağlı anlaşmazlıq var. İclas zamanı bizə heç bir mıəlumat verilmədi. Sonradan öyrəndim ki, yekun qərar verilməyib. Səbəb kimi yeni hallara dair araşdırılma aparılacağı deyilir. Lakin biz yeni nəsə deməmişik, ümumiyyətlə, əlavə heç nə müzakirə edilməyib. Bu baxımdan tribunalın belə açıqlama yayması çox qəribədi. Görünür, bundan sonra iclas olmayacaq, sadəcə, son söz deyiləcək. Ümid edirəm ki, sonda ədalətli qərar veriləcək”.

KƏNAN BAHADIR