5-ci turun 2-ci oyun günündə yalnız B qrupunda suallara aydınlıq gəldi.
“Football-plus.az” xəbər verir ki, “Arsenal” və PSV adını ən güclü 16 komanda sırasına yazdırdı. Bununla da pley-offa yüksələnlərin sayı 12-yə çatdı. Qalan 4 “xoşbəxt”in adını isə son turda biləcəyik.
A qrupu
Qalatasaray – Mançester Yunayted 3:3 (1:2)
Qalatasaray (İstanbul, Türkiyə): Muslera, Boe, Əbdülkərim Bardakcı, Kaan Ayhan, Anxelinyo (Nelsson, 82), Torreyra, Ndombele (Oliveyra, 60), Ziyeş (Barış Alpər Yılmaz, 82), Mertens (Kərəm Aktürkoğlu, 60), Zaha (Kərəm Dəmirbay, 88), İkardi.
Mançester Yunayted (İngiltərə): Onana, Van-Bissaka (Van Bissaka, 78), Maquayr, Lindelöf, Şou, Maktominey, Amrabat (Maino, 58), Antoni, Fernandeş, Qarnaço (Pellistri, 78), R.Höylunn (Marsyal, 58).
Qollar: Qarnaço, 11 (0:1). Fernandeş, 18 (0:2). Ziyeş, 29 (1:2). Maktominey, 55 (1:3). Ziyeş, 62 (2:3). Kərəm Aktürkoğlu, 71 (3:3).
Vərəqələr: Fernandeş, 27. Boe, 29. Amrabat, 42. Kaan Ayhan, 54. Şou, 59. Van-Bissaka, 64 – sarı.
Hakim: Xose Mariya Sançes (İspaniya).
29 noyabr. İstanbul. 51733 tamaşaçı.
“Qalatasaray” meydana Sançessiz çıxsa da, itkilərdən şikayətlənməyə haqqı yox idi. Çünki “Yunayted”in itkiləri daha çox və ciddi idi. Qonaqlar “İstanbul cəhənnəmi”ndəki oyuna sürpriz qollarla başladılar. İlk 18 dəqiqə ərzində Fernandeş əvvəlcə Qarnaçonun fərqlənməsinə şərait yaratdı, sonra da özü fərqləndi. Amma təcrübəli portuqaliyalı yarımmüdafiəçi hissənin ortalarında qayda pozuntusuna yol verərək sarı vərəqə aldı. Məhz bu standart zərbə Ziyeşin qolu ilə nəticələndi. Düzgün mövqe seçməyən və “canlı sədd”in arxasında gizlənən Onana baxışları ilə topu tora “yola saldı”. Fasilə ərəfəsində isə İkardinin qolu az qala millimetrlik ofsayd üzündən sayılmadı. “Yunayted” fasilədən sonra Maktomineylə fərqi yenidən 2 topa yüksəltdi. Amma “Qalatasaray” “Kopenhagen”lə oyunda olduğu kimi, yenə xarakter nümayiş etdirərək 2 topluq fərqi aradan qaldırmağa müvəffəq oldu. Onananın inamsız performansı da Türkiyə çempionunun geridönüşündə az rol oynamadı. Ziyeşin ikinci cərimə zərbəsi zamanı faktiki topu öz qapısına göndərən Onananın nə etmək istədiyini özündən başqa heç kim anlamadı. Çox keçmədən mərakeşli vinger hesabına məhsuldar ötürmə də yazaraq matçın ulduzuna çevrildi. Məhz Ziyeşin ötürməsindən sonra topu ideal qəbul edən Kərəm fanatları ayağa qaldırdı. Onana bu dəfə yaxın küncü bağlamağa gecikdi. Qalan müddətdə hər iki komanda qələbə qolunu vura bilərdi. Hərçənd qonaqların fürsətləri daha təhlükəli idi. Ona görə də 1 xalı “Cim-Bom” üçün qənaətbəxş nəticə saymaq olar. Hər halda Okan Burukun komandasının taleyi hələ də öz əlindədi və bütün suallara son turda aydınlıq gələcək.
oyunun statistikası
16 (7) qapıya (“çərçivə”yə) zərbə 18 (4)
5 künc zərbəsi 3
3 ofsayd 2
15 qayda pozuntusu 18
2(0) sarı (qırmızı) vərəqə 4(0)
55 topa sahibolma (faizlə) 45
Bavariya – Kopenhagen 0:0
Bavariya (Münhen, Almaniya): Noyer, Laymer, Qoretska, Upamekano Devis (Kratsiq, 86), Kimmix, Gerreyro (Pavloviç, 64), Koman (Sane, 64), Müller, Tel (Qnabri, 64), Keyn.
Kopenhagen (Danimarka): Qrabara, Yelert, Vavro, Diks, Boilesen (Ankersen, 71), Qonsalveş (O.Höylunn, 90+5), Falk, Lerager, Bardci (Aşuri, 60), Elyunussi, Klasson (Oskarsson, 60).
Vərəqələr: Qonsalveş, 24. Falk, 55 – sarı.
Hakim: Stefani Frappar (Fransa).
29 noyabr. Münhen. 75000 tamaşaçı.
Bu oyundan öncə nəinki pley-offu, hətta qrup liderliyini də təmin edən “Bavariya” bu dəfə özünə əziyyət vermədi. Amma bu nəticəni yalnız meydan sahiblərinin motivasiyasızlığı ilə əlaqələndirmək qonaqlara münasibətdə haqsızlıq olardı. Qrupda daha öncə çətin İstanbul və Mançester səfərlərində heç də pis təsir bağışlamayan Danimarka çempionu yenə əzmkarcasına mübarizə apardı. Hətta Noyer olmasaydı, “Kopenhagen” Münheni şoka da sala bilərdi. Təcrübəli qapıçı bir epizodda topu qapı xəttinin üzərində saxlayaraq inanılmaz qurtarış etdi. UEFA-nın belə bir oyuna təcrübəsiz qadın hakim göndərməsi də başqa “aləmdi”. Stefani Frappar son anlarda matçın “ipini” əməlli-başlı əlindən buraxdı. “Bavariya”nın bir aşkar penaltisini verməyən ədalət təmsilçisi digər epizodda penalti təyin etsə də, VAR-ın məsləhəti ilə monitora baxaraq qərarını dəyişdi! Beləliklə, “Bavariya”nın ÇL-in qrupunda 17 oyunluq qələbə və 38 oyunluq qol seriyası qırıldı. Son turda “Kopenhagen”lə “Qalatasaray”ın duelində qalib gələn tərəf pley-offa vəsiqə qazanacaq. Heç-heçə isə onların heç birinə sərf etməyə bilər. Çünki belədə “Yunayted” “Bavariya”nı yensə, pley-off məhz ingilislərin olacaq. Amma Danimarkada bərabərlik qeydə alınsa və “Yunayted” qalib gələ bilməsə, o zaman pley-offa “Kopenhagen” yüksələcək. Çünki bu komanda “Qalatasaray”dan daha yaxşı top fərqinə malikdi.
oyunun statistikası
9 (2) qapıya (“çərçivə”yə) zərbə 8 (4)
4 künc zərbəsi 2
2 ofsayd 0
7 qayda pozuntusu 5
0(0) sarı (qırmızı) vərəqə 2(0)
59 topa sahibolma (faizlə) 41
1. Bavariya 5 5 0 0 11-6 13
2. Kopenhagen 5 1 2 2 7-8 5
3. Qalatasaray 5 1 2 2 10-12 5
4. Mançester Yunayted 5 1 1 3 12-14 4
Növbəti turun oyunları dekabrın 12-də keçiriləcək: Mançester Yunayted – Bavariya, Kopenhagen – Qalatasaray.
Oyundan sonra...
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Oyuna pis başlamadıq. Amma rəqibin “çərçivə”yə ilk iki zərbəsi qolla nəticələndi. Buna baxmayaraq, təslim olmadıq. Qapımız önündə real təhlükə yaranmadan 3-cü qolu buraxdıq. Oyunu 3:3-ə gətirə bildik. Türkiyə futbolunun gücünü bütün Avropaya göstərdik. Ondan sonra açıq futbol getdi. Rəqib də qalib gələ bilərdi, biz də. Əla oyun izlədik. Qələbə qazansaydıq, çox yaxşı olardı. Amma ən azı uduzmadıq. Şansımız davam edir və son turda qalib gəlsək, pley-offa yüksələcəyik. Hakimin performansı səfərdə oynayan komanda üçün ideal idi. 5-10 faiz də olsa, onların lehinə qərarlar verdi. Ümumiyyətlə, bu qrup mərhələsində bəzi hakim qərarlar bizim xeyrimizə olsaydı, indi hesabımızda tam fərqli xal olardı. “Parken” stadionunun tariximizdə xüsusi yeri var. UEFA kubokunu orda qazanmışıq. İndi həmin stadionda daha bir tarix yazmalıyıq”.
Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi: “Hesabda çox yaxşı üstünlük qazansaq da, birdən-birə səhvlərə yol verməyə başladıq. Ümumi götürəndə pis oynamadıq. Amma müdafiədəki oyuna görə komandamı tənqid etməliyəm. Qapımız önündə bu qədər tez-tez səhvə yol verməməliyik. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Onananı günahlandırmaq istəmirəm. Komanda şəklində səhvlərə yol verirdik. Sevindiricidi ki, komandanın aktiv, dinamik, cəsarətli oyun tərzi hiss olunur. Amma yenə də ürəyimizdə bir xal qaldı. Çünki 3 xal bizim olmalıydı. Günahkar kimdi? Mən məşqçiyəmsə, deməli, məsuliyyət də mənim üzərimdədi. Amma gələcək baxımından komanda düzgün yoldadı”.
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: “Tempimiz aşağı idi. “Kopenhagen” yaxşı müdafiə olunurdu və bizə boş zona vermirdi. Hücumda rəngarənglik çatışmırdı. Bəzi epizodlarda daha cəsarətli oynaya bilərdik. Yaxşısı budu, bu matçı unudaq və irəli boylanaq. Hakimlik? Frappar haqda heç nə danışmamağım daha yaxşı olar. Çünki hakimlik haqda danışmaq həmişə məşqçilərə baha başa gəlir. Kim ki, hakimliyə görə cavabdehlik daşıyır, suallarınızı onlara verin”.
Yakob Neestrup, “Kopenhagen”in baş məşqçisi: “Təbii ki, bu cür çətin səfərdə xal qazanmaq böyük hadisədi. Amma biz hələ heç nəyə nail olmamışıq. Uğurlu başladığımız işi son turda “Qalatasaray”a qarşı doğma meydanda uğurlu şəkildə də tamamlamalıyıq. Bu qrupdakı performansımızla çoxlarını təəccübləndirdiyimizi bilirəm. Ən sevindirici hal odu ki, son turdan öncə heç kimdən asılı deyilik və pley-offa yüksəlmək baxımından taleyimiz öz əlimizdədi”.