"Football-plus.az" xəbər verir ki, Okan Buruk ötən oyunla müqayisədə heyətdə iki dəyişiklik etmişdi. Ehtiyatda qalan Anxelinyonu sol cinahda Kazımcan Karataş, irəlidə isə Xəlil Dərvişoğlunu Bakambu əvəzləmişdi. Oyunu izləyənlər arasında UEFA-nın sloveniyalı prezidenti Aleksander Çeferin də var idi.
“Qalatasaray” oyuna yaxşı başlayaraq erkən qolla istəyinə çatdı. Artıq 9-cu dəqiqədə rəqibdən topu oğurlayan Barış Alpər Yılmazın reydindən və ötürməsindən sonra Kərəm Akturkoğlu hesabı açdı. Buraxılan qoldan sonra Sloveniya çempionu bir qədər fəallaşdı. Amma Muslera bir neçə epizodda inamlı oynayaraq hesabın bərabərləşməsinə imkan vermədi. Bir epizodda yerli fanatlar ayağa qalxsa da, qol qayda pozuntusu üzündən qeydə alınmadı. İstanbul nəhəngi 2-ci hissəyə də qolla başladı. Kəskin əks-hücum zamanı Mertens qapıçının qaytardığı topu uzaq küncə göndərdi. Bu qol qonaqları xeyli rahatlatdı. “Qalatasaray”ın hücum xətti bu görüşdə çox yaxşı təsir bağışladı. Sonrakı dəqiqələrdə iki mərkəz müdafiəçisi Nelsson ilə Əbdülkərimin qolları VAR-dan döndü. Son 15 dəqiqədə İkardi də oynamaq şansı qazandı. Amma qol vurmaq ona qismət olmadı. Yekun nəticəni əsas vaxta artırılan 1-ci dəqiqədə Xəlil Dərvişoğlu müəyyənləşdirdi. O, Kərəmin künc zərbəsindən asması zaman topu başla tora göndərdi. Beləliklə, “Qalatasaray” Sloveniyada işini həll edərək cavab görüşünə intriqa saxlamadı. Komanda indi rahat şəkildə həm həftəsonu start götürəcək Türkiyə çempionatına, həm də sonrakı mərhələyə hazırlaşa bilər.
3-cü təsnifat mərhələsi, ilk oyun
Olimpiya (Sloveniya) – Qalatasaray 0:3
Kərəm Aktürkoğlu, 9. Mertens, 48. Xəlil Dərvişoğlu, 90+1.
Qalatasaray: Muslera, Boe, Nelsson, Əbdülkərim Bardakcı, Kazımcan Karataş (Dyubua, 62) Berkan Kutlu, Oliveyra (Kaan Ayhan, 87), Barış Alpər Yılmaz (Xəlil Dərvişoğlu, 86), Mertens (Yunus Akgün, 75), Kərəm Aktürkoğlu, Bakambu (İkardi, 75).
Faktlar
* “Qalatasaray” avrokuboklarda 305-ci oyununda 108-ci qələbəsini qazandı (82 heç-heçə, 115 məğlubiyyət, top fərqi – 407:450).
* “Qalatasaray” avrokuboklarda keçirdiyi son 15 oyunun yalnız birində məğlub olub (7 qələbə, 7 heç-heçə). Yeganə məğlubiyyət 2021/22-də AL-in 1/8 finalında “Barselona” ilə ev oyununda qeydə alınıb (1:2).
* “Qalatasaray” avrokuboklarda 2010-cu ilin avqustundan bəri ən böyük hesablı səfər qələbəsini qazandı. “Cim-Bom” 13 il öncə Serbiya təmsilçisi OFK-nı Belqradda 5:1 məğlub etmişdi.
* “Qalatasaray” tarixində ilk dəfə avrokuboklarda Sloveniya təmsilçisi ilə üz-üzə gəldi.
* “Qalatasaray” ÇL-in təsnifatında keçirdiyi 29-cu oyunda 19-cu qələbəsini qazandı (7 heç-heçə, 3 məğlubiyyət).
* “Jalgiris” ilə cavab oyununda 36 yaş 88 günlüyündə fərqlənməklə Geroge Hacini geridə qoyan və “Qalatasaray” tarixinin avrokuboklarda qol vuran ən yaşlı futbolçusuna çevrilən Mertens bu dəfə rekordunu bir qədər də yenilədi. Sloveniyada o, 36 yaş 94 günlüyündə fərqləndi.
Oyundan sonra
Joao Enrikes, “Olimpiya”nın baş məşqçisi:
“Bu nəticə növbəti mərhələyə yüksəlmək şansımızı bir xeyli azaltdı. “Qalatasaray” yaxşı və səviyyəli oyunçulardan qurulan bir komandadı. Amma qarşıda daha bir 90 dəqiqə var. Həmin oyunda nə olacağını görəcəyik. İstənilən halda “Olimpiya” avrokuboklarda yoluna davam edəcək. Biz pillə-pillə irəliləməliyik. Çünki gənc və böyüməkdə olan bir komandayıq. İstanbulda yenə də öz oyun tərzimizdən vaz keçməyəcəyik. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Oyundan əvvəl ot örtüyünün durumu ilə bağlı narahatlığımız olsa da, bu məqam ciddi problem yaratmadı. “Olimpiya”nın əvvəlki mərhələlərdə keçirdiyi oyunları incələmişdik, zəif və güclü tərəflərini bilirdik. Çox önəmli bir qələbə qazandıq. Hətta 5-6 qol da vura bilərdik. Biz bura çətinliklər içində gəlmişdik. Zədəli və komandaya yeni qoşulan oyunçular var idi. Çətinliklərə rəğmən, əla performans sərgiləyən oyunçularıma təşəkkür edirəm. Bu mərhələdə səfərdən belə qələbə ilə qayıtmaq çox yaxşıdı. Amma cavab görüşünə də eyni ciddiliklə hazırlaşacağıq. Əvvəlcə daxili çempionatda “Kayserispor”la oyunumuz olacaq. İlk yarıda rəqib qapımız önündə bəzi fürsətlər yaxaladı. Amma ikinci hissədə topa çox yaxşı nəzarət etdik. 3-cü qolu vurmağımız mənə “Fənərbaxça” ilə oyunu xatırlatdı. Nəzərə alaq ki, biz hələ tam hazır durumda deyilik. Belə qələbələrə və ÇL-in qrupunda yer almağa ölkə olaraq ehtiyacımız var. Digər klublarımıza da uğurlar arzulayıram”.






