Boş tribunalar önündə qazanılan möhtəşəm qələbə

18.11.2023 11:34 534
Yığma / Manşet
Maraqlı günlər yaşayırıq. Sanki noyabrda yox, yay aylarındayıq. Havanın bu fəsilə uyğun dediklərimin isbatıdı. Noyabrın da 16-da qızmar günə oyandıq. Lakin axşama doğru payızın soyuğunu hiss etdik. Əsl futbol havası idi.

2 gün öncə Tofiq Bəhramov adına Respublika Stadionunda millimiz İsveçlə qarşılaşırdı. Bu yığmamızın seçmə mərhələdə sonuncu ev oyunu idi. Düşünürdüm ki, azarkeşlər komandamızı bu görüşdə tək buraxmayacaq. Lakin “Tofiq Bəhramov”un ətrafı səssizliyə qərq olunmuşdu. Sadəcə, arenaya yaxınlaşanda ölkənin əsas stadionunda futbol matçı keçirildiyi bəlli olurdu.

Görüşün startına 1 saat qalmışdan stadiondakı yerimdə əyləşdim. Seyr etdiyim çox miskin mənzərə idi. Sanki premyer-liqanın “Qəbələ” – “Səbail” matçını izləyirik. Təkcə 11-ci sektorda qələbəlik var idi. Orda da yeni yaranmış “Göyqurdlar” fanklubunun üzvləri əyləşmişdi. Dərin bir köks ötürərək azarkeşlərin Canni de Byazinin millisinə inanmadığını anladım. Artıq bunu qəbullanmalıydıq. Yığmanın son illərdəki nəticələri azarkeşləri küsdürmüşdü.
Dəstək az olsa da, hər şey qaydasında gedirdi. Sadəcə, meydançanın kənarlarında yerləşdirilən elektron reklam bordları işləmirdi. Görünür, hansısa texniki problem yaşanmışdı və bunu həll etmək mümkün deyildi.

Komandaların oyundan öncəki məşqi zamanı maraqlı hadisələr yaşandı. AFFA-nın baş katibi Sərxan Hacıyevlə Gənclər və İdman naziri Fərid Qayıbovun səmimi şəkildə söhbət etməsi diqqətimizdən qaçmadı. Bəzi hallarda nazir müavini Mariana Vasileva onlara qoşularaq zarafatlaşırdı. Bir qədər sonra stadiondakı monitorlarda meydanın mərkəzində dayanan Sərxan Hacıyevlə Fərid Qayıbov göstərildi. Rəsmi şəxslər milli karyerasını bitirən 5 futbolçuya plaket və xüsusi forma hədiyyə etdilər. Bunlar Rahid Əmirquliyev, Elvin Məmmədov, Əfran İsmayılov, Rauf Əliyev, Riçard Almeyda idi. Düzdü, əvvəlcədən Ruslan Abuşovun da tədbirdə iştirak edəcəyi deyilmişdi. Lakin müdafiəçi bilinməyən səbəbdən oyuna gəlməmişdi. Adıçəkilən futbolçular xatirə şəkli çəkdirən zaman yığmanın qapıçılar üzrə məşqçisi Kamran Ağayev onların arxasında dayandı. Qəribə bir şey yox idi. Kamran onların sabiq komanda yoldaşı idi. Məşqi bitirən milli üzvləri isə sabiq komanda yoldaşlarına yaxınlaşaraq onlarla səmimi şəkildə görüşdü.

Yeni yaranan “Göyqurdlar” isə qarşılaşmadan öncə maraqlı addımlar atırdı. Fanklubun əyləşdiyi sektorun önündə “Qurd yuvaya döndü” yazılı pankart asılmışdı. Futbolçular meydana çıxan zaman isə “Göyqurdlar” üzərində qədim Göytürk dilində “türk” yazılmış pankartı açdılar.

Maraqlı ab-havada maçt başladı. Görüşün ilk 10 dəqiqəsində şok yaşadıq. Gözlənilməz məqam idi. Yığmamız 2 qol vurmuşdu. Avropanın ən güclülərindən hesab olunan İsveçi məğlub edirdik. Sanki “Min bir gecə” nağıllarında idik. Ya da bu, yuxu idi. Amma arenanın boşluğunu görərək ayıldım. Bəli, hesab bizim xeyrimizə idi. Amma futbolçularımız bu qələbəni boş tribunalar önündə qazanırdı.

İçimdə qəribə bir hiss var idi. Elə düşünürdüm ki, yığma fasilədən sonra qollar buraxaraq məğlub olacaq. Qələbə qazanacağımıza inanmaq çətin idi.

Fasilə zamanı yaşananlar da maraqlı idi. Media otağında insan əlindən tərpənmək olmurdu. Jurnalistlər könüllülərin mədəni işğalına məruz qalmışdı. Normal ölkələrdəki stadionlarda mətbuat otağı ancaq “qələm əhli”nin işləməsi və qidalanması üçün istifadə edilir. Bizdə isə bura 50 qəpiklik çayxananı xatırladır. Hələ mətbuat konfransında blogerlərin “tik-tok”da, “instaqram”da “tutuzdurmaq” üçün verdikləri sualları demirəm. Ümid edirəm ki, həm AFFA-nın, həm də klublarımızın mətbuat xidmətinin əməkdaşları belə biabırçılıqların qarşısını almağa cəhd edərlər.

Yaradılan şəraitsizliyi özümə sığışdırmadığım üçün yollandım tribunadakı yerimə. Burda yaşananlar daha ürəkaçan idi. Azarkeşlər yığmamızın sabiq üzvləri - Vaqif Cavadov və İlqar Qurbanovla şəkil çəkdirir, avtoqraf alırdı. De Byazinin “23-lüy”ə salmadığı Emil Səfərov, Rüstəm Əhmədzadə, Səbuhi Abdullazadə, Cəlal Hüseynova maraq göstərənlər də az deyildi.

İkinci hissə başlayan kimi qonaqlar hücuma atıldı. Skandinavlar 3 oyunda qol buraxmadıqları komandaya məğlub olmaq istəmirdilər. Bəhlul Mustafazadənin qırmızı vərəqə alması da işlərimizi korladı. Canni de Byazi həyacandan yerində dayana bilmirdi. İtaliyalı tez-tez tərcüməçiyə nəsə deyirdi. Oyunun sonlarına doğru De Byazi ultra müdafiə sisteminə keçdi. İtaliyalı komandasının topu hara gəldi vurduğunu görərək Mahiri meydana buraxdı. Emreli oyunda olduğu ilk 5 dəqiqə ərzində mövqeyinin harda olduğunu tapa bilmədi. Sonda De Byazi futbolçunu yanına çağırıraq sağ cinahda dayanmalı olduğunu bildirdi.

Komandamız əks-hücuma belə bağladığı bir məqamda o möhtəşəm qol vuruldu. Emin Mahmudov təqribən 50 metrlik məsafədən qapıya rokert göndərdi. Bütün stadion şokda idi. Milli komandamızın tarixində belə qol vuran olmamışdı. Canni de Byazi ağlını itirmişdi. İtaliyalı nə etdiyini bilmirdi. Sevincini Arif Əsədova təpik vuraraq yaşadı. Mən hakimin yerinə olsaydım, bu qola görə matçı davam etdirməzdim. Oyunu bitirərdim. Lakin futbolun öz qaydaları var. Əlavə olunan vaxtda da isveçlilər heç nə ilə yadda qalmadılar. Yığmamız tarixi bir zəfər qazandı. Matç bitən kimi futbolçular arenada dövrə vuraraq qələbəni qeyd etdilər. İsveçlilər məyus halda öz fanatlarının yanına gedərək onları alqışladılar. Çılğın hərəkətləri ilə seçilən Elvin Cəfərquliyev də qələbənin şokundan çıxa bilmirdi. Müdafiəçi isveçli azarkeşlərin yanına gedərək onları alqışladı.

De Byazi mətbuat konfransında sevincli idi. İtaliyalı öz xislətindən əl çəkməyərək onu tənqid edənləri axmaq və “idiot” adlandıraraq təhqir etdi. Buna rəğmən, konfransın sonunda 1-2 jurnalist məşqçini alqışladı. Ümid edirəm ki, o, bundan ilhamlanan italiyalı başa düşər ki, rəhbərlik etdiyi yığma tarixin ən güclüsüdü. Normal məşqçi və taktiki sxemlə bu kollektivi daha da irəli aparmaq olar.

Qarşılaşmadan 1 saat sonra Milli Dirçəliş Gününə qədəm qoyduq. Ümid edək ki, 16 noyabrdakı İsveç üzərindəki qələbəmiz yığmanın dirçəlişinə səbəb olar...

İLKİN SULTANLI