''Hall Siti''nin dəyəri cəmi 260 milyon avrodu

2.09.2026 16:52 16
Dünya futbolu
Premyer-liqaya sürpriz şəkildə ardıcıl iki qələbə ilə start verən ''Hall Siti'' tək nəticələri ilə yox, transfer dönəmindəki fəallığı ilə də diqqət çəkdi. Acun Ilıcalının sahibi olduğu komanda bu yay nə az, nə çox - düz 18 yeni futbolçu aldı!

''Pələnglər'' təkcə transfer dönəminin son günündə, yəni sentyabrın 1-də heyətə 6 futbolçu cəlb etdilər. Bunlar İlyas Ansa, Tim İroqbunam, Bruk Norton-Kaffi, Roninyo Vaz, Sorba Tomas və Kristos Muzakitisdi. ''Hall Siti''nin bu yay ən bahalı transferi ''Rayo Valyekano''dan 23,4 milyon avroya heyətə cəlb olunan gənc müdafiəçi Nobel Mendi oldu.

Ümumiyyətlə, ''sarı-qaralar'' əsasən gənc və inkişafa meyilli futbolçulara üstünlük verdilər. Komandanın hədəfi həm premyer-liqada uzun illər çıxış etmək, həm də potensiallı futbolçuların satışından gələcəkdə gəlir əldə etməkdi. Bu yay baş tutan transferlərdən sonra ''Hall Siti''nin heyətinin dəyəri təxminən 260 milyon avroya çatıb. Buna baxmayaraq ''pələnglər'' bu mövsüm premyer-liqa klubları arasında heyətinin dəyərinə görə hələ də sonuncu pillədə qərarlaşıb!

Zirvədə qərarlaşan ''Mançester Siti''nin heyətinin dəyəri 1,44 milyard avrodu.

Xatırladaq ki, ''Hall Siti'' premyer-liqada mövsümə 2 qələbə ilə başlayan 4 kollektivdən biridi.