“Sumqayıt” kimi aldadır? – qazonun xəstəliyi keçməyib

2.09.2026 17:52 24
Ölkə futbolu / Manşet
“Sumqayıt”ın yeni mövsümdə Mehdi Hüseynzadə adına şəhər stadionunda nə vaxt oynayacağı ilə bağlı qeyri-müəyyənlik davam edir.

“Football-plus.az” sonuncu dəfə bu məsələyə avqustun 30-da toxunub, həmin gün klubun mətbuat katibi Zaur Xudiyev bizə belə demişdi: “Çalışmalar əsasən qazonun durumunu əhatə edir və yekunlaşmaq üzrədi. Ot örtüyünün vəziyyəti böyük ölçüdə düzəlib. Sadəcə, hələ yetişmə üçün bir müddət vaxt lazımdı. Bu səbəbdən risk etmək istəmədik. Bəli, “Qarabağ”ı da digər stadionumuzda qəbul edəcəyik. Növbəti ev oyunumuz sentyabrın 11-13-ü aralığında “Şamaxı”ya qarşı olacaq. Həmin matçı “Mehdi Hüseynzadə”də keçirməyi planlaşdırırıq”.

PFL artıq 5-ci turun proqramını açıqlayıb. “Sumqayıt” – “Şamaxı” oyunu da “SOCAR Polymer Arena”ya salınıb. Belə çıxır ki, şəhərin əsas stadionunun “xəstəliyi keçməyib”. Yenidən Zaur Xudiyevlə danışdıq:

“Mən hələ də ümid edirəm ki, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. PFL-də “Polymer Arena”nın göstərilməsinə gəlincə, biz hər ehtimala qarşı, stadionun hazır olmamaq ehtimalını nəzərə alaraq ilk üç ev oyunumuzu orada keçirmək üçün sifariş etmişdik. Hazırda isə stadionun vəziyyətini gözləyirik. Bütün işlər yekunlaşıb. Yenilənmə işləri başa çatıb, sadəcə, ot örtüyünün yetişməsini və kökünün bərkiməsini gözləyirik. Meydança hazır olsa, əlbəttə, oyunlarımızı orada keçirmək istəyərik. Təbii ki, son qərar “Turan Tovuz”la oyundan sonra, “Şamaxı” ilə qarşılaşmaya hazırlıq zamanı veriləcək.

Onsuz da hər ikisi öz stadionumuzdu. Bu səbəbdən, oyunun keçirilmə yerini PFL-də dəyişmək çox asan prosedurdu. Əsas məsələ stadionun hazır olmasıdı. Tovuz səfərindən sonra baxacağıq ki, meydança hazırdı, ya yox”.


Yenə də qeyri-müəyyənlik…

İSRAYIL XEYRULLAYEV