“AFFA İcraiyyə Komitəsi Kukseviçin namizədliyini qəbul etmədi” – ayrılığın səbəbi

2.09.2026 16:31 12
İdman / Aktual
Xəbər verdiyimiz kimi, ölkəmizin futzal yığmasının və “Araz-Naxçıvan”ın baş məşqçisi Yevgeni Kukseviç ilə yollar ayrılıb. Oktyabrda yığma DÇ-2028-in Avropa zonası üzrə əsas mərhələsində, “qırmızı-ağlar” isə Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək.

Ciddi sınaqlar ərəfəsində yaşanan baş məşqçi ayrılığının səbəbini aydınlaşdırmaq məqsədilə Azərbaycan Futzal Federasiyasının baş kaitibi və “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“AFFA İcraiyyə Komitəsi Yevgeni Kukseviçin namizədliyini qəbul etmədi, yerli mütəxəssisə üstünlük verdi. Həmçinin Kukseviç “Araz-Naqxçıvan”la maaş söhbətində razılaşmadı. Nəticədə yollarımızı ayırmalı olduq. Komandada dəyişikliklər olacaq. Çünki büdcəmiz ötən mövsümlə müqayisədə azdı. Yerli oyunçulara üstünlük vermişik. Artıq millimizin 6-7 futbolçusu ilə danışıqlar uğurla başa çatıb. Çempionlar Liqasında da bu heyətlə çıxış edəcəyik. Komandanı hələ ki, Kukseviçin köməkçilərindən olan Fərid Ələkbərovla Rəcəb Fərəczadə çalışdıracaq. Gələcəkdə imkan daxilində uyğun məşqçi ilə danışıqlar aparıb, təyinatı rəsmiləşdirəcəyik”.

Xatırladaq ki, 12-ci qrupda mübarizə aparacaq yığma Çexiya və Latviya ilə, 5-ci qrupda yarışacaq “Araz-Naxçıvan” isə “Pyast” (Polşa), “Buba Mara” (Bosniya və Hersoqovina) və “Uypeşt”lə (Macarıstan) qarşılaşacaq.

KƏNAN BAHADIR