Amerikalı tennisçi Censon Bruksbi antidopinq qaydalarını pozduğuna görə 18 aylığa diskvalifikasiya olunub.
“Football-plus.az” xəbər verir ki, tennisdə təmizliyin təmin olunması üzrə Beynəlxalq Agentliyin (ITIA) mətbuat xidmətinin yaydığı xəbərə görə, bu cəzaya tennisçinin üç dəfə dopinq-testi buraxması səbəb olub. Bruksbiyə 2023-cü il iyulun 5-dən 2025-ci il yanvarın 4-nə qədər məşq etmək və ya istənilən tennis turnirinə baş çəkmək yasaqdı.
Bruksbi cəzanı belə şərh edib:
“Həyatım boyunca heç vaxt yasaq preparatlardan yararlanmamışam, təhqiqat dövründə ITIA ilə vicdanlı və təmiz əməkdaşlıq etmişəm. Anlayıram ki, bu mənim öhdəliyimdi, odu ki, öyrənəcək və inkişaf edəcəm. Qəbul edirəm ki, iki testdən öz günahım üzündən keçməmişəm, ancaq hələ də iddia edirəm ki, ötən il iyunun 4-də buraxdığım testi hesaba almaq olmaz”.
22 yaşlı tennisçi həmçinin 3-cü dopinq-testi niyə buraxdığına aydınlıq gətirib:
“Həmin gün test üçün ayrılan bir saatı oteldəki otağımda keçirmişəm. Həmin otel otağı mənlə yaşayan fizioterapevtin adına bron edilmişdi, ona görə ki, ATP mənim üçün otel nömrəsini yalnız iyunun 4-dən ayırmışdı. Nəyə görəsə iyunun 4-də oteldə çalışanlar dopinq zabitinə mənim hələ nömrəmə yerləşmədiyimi deyiblər. Özü də ona kompüterdə mənə artıq nömrə ayrıldığını göstəriblər. Dopinq zabiti oteldəki otağıma zəng etmədiyindən onun otelə gəlişindən xəbər tutmamışam. O dopinq-test üçün ayrılan saatın son 4 dəqiqəsində mobil nömrəmə (telefonu səssizə qoymuşdum) zəng edib. Dopinq zabiti otel otağına zəng etsəydi, yüzdəyüz analiz verərdim. Ona görə ki, gizlədəsi heç nəyim yoxdu”.
Amerikalı tennisçi onu da bildirib ki, cəza ilə bağlı Lozannadakı İdman Arbitraj Məhkəməsinə şikayət etmək niyyətindədi. Onun ATP səviyyəli üç turnirin finalında oynadığını, hazırda dünya sıralamasında 301-ci pillədə qərarlaşdığını da xatırladaq.