Joarlemin sağlamlıq durumu bəlli oldu - "qol silahı" yenə atəş açacaqmı?

26.11.2026 21:30
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 12-ci turunda "Şamaxı"nın qonağı olan "Turan Tovuz" ciddi itki ilə üzləşdi. Qonaqların aparıcı futbolçusu Joarlem Batista zədələndiyinə görə komandasının 2:0 hesablı qələbə qazandığı matçda meydanı erkən tərk etməli oldu. 60-cı dəqiqədə "Şamaxı"nın futbolçusu Emin Rüstəmovla toqquşan braziliyalı müvazinətini itirərək digər rəqib Filipe Markesə çırpıldı. Matça davam edə bilməyən hücumçu dərhal Rəhim Sadıxovla əvəzləndi.

Joarlemin sağlamlıq durumu haqda məlumat almaq üçün Tovuz təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etdik. Klub rəsmisinin "Football-plus.az"a açıqlaması:

"Batista müayinə olunub. Hər şey qaydasındadı. Ciddi zədəsi yoxdu. Komanda ilə birgə məşqlərdə iştirak edir".

Xatırladaq ki, Jo cari mövsümdə meydana çıxdığı 11 oyunda 5 qola imza atıb.

KƏNAN BAHADIR