“Pafos”da Murad Məmmədov üçün qapılar bağlanır?

26.11.2026 23:08
Ölkə futbolu / Manşet
Ölkənin perspektivli gənclərindən sayılan Murad Məmmədovun “Pafos”dakı gələcəyi sual doğurur.

Yay “transfer pəncərəsi”ndə “Neftçi”dən ayrılaraq Cənubi Kiprdı legioner həyatı yaşamağa qərar verən 20 yaşlı yarımmüdafiəçi yeni komandasında hələlik istədiyi qədər oyun praktikası qazana bilmir. Mövsümün əvvəlində ümidverici təsir bağışlayan Murad zədədən qayıdandan sonra əsas heyətdə möhkəmlənməyi bacarmayıb.

Murad avqustun 13-də Avropa Liqasının 3-cü təsnifat mərhələsində Avstriya “Zaltsburq”u ilə cavab görüşündə fərqlənmişdi. Meydana zədəli çıxan futbolçunun həmin qarşılaşmadan sonra durumunun daha da ağırlaşdığı bildirilmişdi. Nəticədə Məmmədov uzun müddət yaşıl meydandan uzaq qaldı. Sentyabrın sonlarında zədəsini sağaltdığı barədə xəbər yayılsa da, dönüşü oktyabrın 26-da gerçəkləşdi.

Bəs zədədən sonra Muradın oyun qrafiki necə olub?
Oktyabrın 26-da “Nea Salamina” ilə qolsuz başa çatan görüşdə 70-ci dəqiqədə meydana çıxan futbolçu 20 dəqiqə oynadı. Oktyabrın 31-də “Apollon”la 2:2 hesablı heç-heçədə ona cəmi 16 dəqiqə şans verildi. Noyabrın 5-də “Tvente”yə qarşı Konfrans Liqası görüşündə meydana çıxmadı. Noyabrın 8-də “Omoniya” üzərində 4:2 hesablı qələbədə isə yarım saat oynamaq imkanı qazandı.

Noyabrın 21-də “Pafos” Kipr çempionatının 10-cu turunda “Omoniya”nın (Aradippu) qonağı oldu və 2:1 hesabıyla qələbə qazandı. Murad isə qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izlədi.
Zədədən sonra çempionatda üç dəfə meydana çıxan Məmmədov heç birində start heyətində yer almayıb. Bu müddətdə cəmi 65–70 dəqiqə vaxt qazandı. Bəs bu məqam qış “transfer pəncərəsi”ndə ayrılığa işarə ola bilərmi?

Maraqlıdı ki, Məmmədovun icarəyə göndərilməsi ehtimalı hələ Cənubi Kiprə yollanmamış gündəmə gəlmişdi. Martda bu ölkənin mətbuatında yayılan məlumatlara görə, “Pafos” gənc futbolçunu heyətinə qatandan sonra daha çox oyun praktikası qazanması üçün başqa kluba icarəyə verməyi nəzərdən keçirirdi.

Lakin oktyabrın 28-də yayılan başqa məlumatda “Pafos” rəhbərliyinin Muradı göndərmək niyyətində olmadığı, onun potensialına inandığı və futbolçunun da komandada qalmaq istədiyi bildirilirdi.
“Pafos”un turnir cədvəlinin 3-cü pilləsində qərarlaşması və yüksək yerlər uğrunda mübarizə aparması məşqçi korpusunun daha təcrübəli futbolçulara üstünlük verməsini müəyyən qədər anlaşılan edir. Ancaq 20 yaşlı oyunçu üçün davamlı ehtiyatda qalmaq inkişaf baxımından heç də arzuolunan deyil.

“Pafos” Muradla 2030-cu ilin yayına qədər müqavilə bağlayıb. Bu isə klubun ona qısamüddətli yox, uzunmüddətli yatırım kimi baxdığını göstərir. Belə vəziyyətdə birdəfəlik satışdan daha çox, qışda icarəyə göndərilməsi məntiqli variant təsiri bağışlayır.

Əlbəttə, futbolçunun zədədən qayıtmasından hələ bir ay belə keçmədiyini də nəzərə almalıyıq. Buna görə onun klubdakı gələcəyi ilə bağlı danışmaq tezdi. Lakin qarşıdakı həftələrdə də oyun müddəti artmasa, qışda icarə məsələsinin yenidən gündəmə gəlməsi təəccüblü olmayacaq.

Bir vaxtlar “Neftçi”də daha çox şans qazanmaq və Avropa futbolunda özünü göstərmək arzusu ilə yola çıxan Murad indi başqa seçim qarşısında qala bilər: “Pafos”da rəqabət apararaq şansını gözləmək, yoxsa başqa komandaya yollanaraq müntəzəm oynamaq?

İSRAYIL XEYRULLAYEV