Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 9-cu, yəni 1-ci dövrənin sonuncu turu start götürüb.
"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib.
"Baku Sportinq" - "Şahdağ Qusar" görüşü gözlənildiyi kimi rəqibin qələbəsi ilə başa çatıb. Qərb derbisində, yəni "Karvan-Yevlax" - "Mingəçevir" qarşılaşmasında da sürpriz nəticə qeydə alınmayıb. Favorit statusunu doğruldan meydan sahibləri çempionluq uğrunda yarışda şanslarını qoruyub-saxlayıb. Qonaqlar isə əzmkar mübarizə ilə kifayətlənib.
Günün son matçında "Gəncəbasar" MOİK-i qəbul etdi. Ötən həftə çempionluq hədəfini ictimaiyyətə car çəkən gəncəlilər "hərbçilər"ə qalib gəlməklə liderin ən yaxın izləyicisi statusunu qoruyub-saxlamalı idilər. Lakin qonaqlara güc gələ bilməyən kollektiv xal itkisi ilə üzləşib. Öz aramızdı, artıq MOİK-in də gərgin mübarizənin mərkəzində olduğunu deyə bilərik.
Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq. Autsayderlərin dueli - "Zaqatala"nın "Xankəndi"ni qəbul edəcəyi matç gərgin keçəcək. Ona görə ki, uğursuz mövsüm keçirən komandaları qələbədən başqa nəticə qane edə bilməz. Digər oyunda isə "Səbail" evdə "Şimal"la qarşılaşacaq. Son üç görüşdə qələbəyə həsrət qalan meydan sahibləri tilsimi qırmaq, Xaçmaz təmsilçisi isə ortabablar sırasında möhkəmlənmək uğrunda tər tökəcək.
Baku Sportinq - Şahdağ Qusar 0:1
A.Dauda, 90+1.
Bakı, "Baku Sportinq Arena".
Karvan-Yevlax - Mingəçevir 2:1
S.Abdullayev, 30 (1:0). S.Oqunmola, 43 (1:1). İ.Əliyev, 69 (2:1).
26 noyabr. Yevlax, şəhər stadionu.
Gəncəbasar - MOİK 0:0
26 noyabr. Gəncə şəhər stadionu. 600 tamaşaçı.
27 noyabr
Zaqatala – Xankəndi
Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.
Səbail – Şimal
Bakı, “Bank Respublika Arena”. Saat 16.00.
Xal durumu: Şahdağ Qusar - 22, Karvan-Yevlax - 19, Gəncəbasar - 18, MOİK - 16, Səbail - 13, Şimal - 11, Mingəçevir - 7, Xankəndi - 6, Zaqatala - 5, Baku Sportinq - 1.
Bombardir: Dileyn Açimi (Gəncəbasar) - 13.
KƏNAN BAHADIR
"Şahdağ Qusar" dövrə lideri oldu, "Gəncəbasar" xal itirdi - YENİLƏNİB
Ölkə futbolu / Manşet





