5 gün öncə bu stadionda Şimali İrlandiyaya 0:1 uduzan gənclərimiz bu dəfə uğur qazanmaq arzusundaydı. Elə baş məşqçi Samir Əliyev də məğlubiyyəti unudub Lüksemburqla oyuna ciddi hazırlaşmalı olduqlarını vurğulamışdı.
"Football-plus.az" xəbər verir ki, Samir bəy ciddi rotasiyaya əl atmışdı. Belə ki, əsas yığmanın düşərgəsindən ayrılan üç futbolçu – Cəlal Hüseynov, Emil Səfərov və Nəriman Axundzadə start heyətində yer almışdı.
Gənclərimiz oyuna pis başlamadı. Artıq 4-cü dəqiqədə Ramin qapını yoxlasa da, top qapının üstündən keçdi. 7-ci dəqiqədə Muradla Aqostinellinin cərimə meydançasında top uğrunda mübarizəsi zamanı lüksemburqlu özünü yerə atdı. Referi vəziyyəti qayda pozuntusu kimi qiymətləndirib “nöqtə”ni göstərdi. Amma topa yaxınlaşan kapitan Kerqeyranın zərbəsini Yusif dəf etdi, onun təkrar zərbəsi isə qeyri-dəqiq alındı. Buna rəğmən, rəqib hücumları davam etdirdi. Aqostinellinin başla zərbəsi təhlükəli alındı.Yığmamız buna Samirin bərbad cəhdiylə cavab verdi. Bir qədər sonra Emil Samiri zərbə mövqeyinə çıxarsa da, qapıçı ustalığını göstərdi. Nərimanın iti bucaq altından zərbəsi də hədəfə düşmədi. Raminin cəhdinə müdafiəçi İkene sipər oldu. Berberinin uzaqdan zərbəsi qapının üstündən keçdi. 39-cu dəqiqədə Abdulla cinahdan reyd edərək cərimə meydançasına soxularkən Loheyi onun qarşısını kobudluqla aldıqdı. Nərman penaltini dəqiq yerinə yetirməklə hesabı açdı. Qoldan ruhlana yığmamızın Muradla fərqi artırmaq imkanı olsa da, qapıçı yenə seyvlə diqqəti çəkdi. Amma gənclərimizin sevinci uzun çəkmədi 45+4-cü dəqiqədə Berberi cərimə zərbəsindən gözəl qolla hesaba tarazlıq gətirdi. Beləliklə, rəqib fasiləyə psixoloji üstünlüklə yollandı.
Bizimkilərin 2-ci hissəyə daha fəal qoşulacağı gözlənilsə də, rəqib komanda şəklində yaxşı müdafiə olunmaqla və pressinq tətbiq etməklə yığmamızın “1 nömrə” kimi oynamasına imkan vermədi. 54-cü dəqiqədə Torresin zərbə mövqeyinə çıxardığı Elşan komandasını hesabda önə keçirdi. Təbii ki, gənclərimiz qoldan sonda irəli atıldı. Muradın zərbəsini qapıçı dəf etdi, Raminin təkrar cəhdinə müdafiəçi sipər oldu, Emilin zərbəsini qapıçı kornerə çıxardı. İrəliləyən dəqiqələrdə Muradın iki cəhdi də nəticəsiz qaldı. Gözlədiyimiz bərabərlik qolu 88-ci dəqiqədə gəldi. Cəlalın rəqibin cərmə meydançasına uzun ötürməsi zamanı Torrer topu uzaqlaşdırmaq istəyərkən avtoqol müəllifi oldu. Qoldan ruhlanan futbolçularımız yenidən irəli atıldı. 90+1-ci dəqiqədə Veysəl cərimə zərbəsindən sonra “canlı sədd”ə dəyən topun meydanı tərk etməsinə imkan verməməyə çalıçan qapıçı səhv etdi, topu ondan “oğurlayan” Ağadadaş üçün toru sirkələmək çətin olmadı. Son dəqiqələrdə Camalın zərbəsi qapının üstündən keçdi. Gənclər yığmamız möhtəşəm geridönüşlə əzmkar qələbə qazandı.
1. Ukrayna 3 3 0 0 7-2 9
2. İngiltərə 3 2 0 1 14-4 6
3. Serbiya 3 2 0 1 5-10 6
4. Lüksemburq 4 1 0 3 3-9 3
5. Ş.İrlandiya 4 1 0 3 2-4 3
6. Azərbaycan 3 1 0 2 3-5 3
Bu qrupda növbəti oyunlar noyabrın 17-18-də keçiriləcək: Ukrayna – Lüksemburq, Serbiya – İngiltərə. Yığmamız isə noyabrın 21-də İspaniyanın Mursiya şəhərində Ukrayna ilə qarşılaşacaq.
Gözdən qaçmadı
* Şimali İrlandiya ilə oyunda olduğu kimi, bu dəfə azarkeş sarıdan kasadlıq var idi. Protokolda 200 yazılsa da, stadionda 50-60 azarkeş gözə dəyirdi.
* Hakimin final fitindən sonra yığmamızın üzvlərinin sevincinin həddi-hüdudu yox idi. Onlar paltardəyişmə otağına böyük coşqu ilə yollandı. Futbolçuların hər biri baş məşqçi Samir Əliyevlə görüşüb-qucaqlaşdı.
* Ağadadaş jurnalistlərə müsahibə verərkən Samir Əliyev zarafatla "Ağadadaş, baş məşqçini də təriflə" dedi