“Beşiktaş”a iki yeni məşqçi gəldi

16.10.2023 19:30 231
Dünya futbolu
Şenol Günəşlə vidalaşandan sonra hələ ki Burak Yılmazla yola davam edən “Beşiktaş”la bağlı xəbər var.

“Football-plus.az” xəbər verir ki, İstanbul nəhəngində məşqçilər korpusuna iki yeni sima qoşulub. Söhbət xorvatiyalılar Hari Vukas ilə Toni Modriçdən gedir. 51 yaşlı Vukas Yılmazın əsas köməkçisi olacaq. 35 yaşlı Modriç isə futbolçuların fiziki durumuna görə cavabdehlik daşıyacaq. Hər iki məşqçi uzun illər İqor Tudorun köməkçisi kimi çalışıb. Ona görə də mətbuatda tezliklə Tudorun “Beşiktaş”ın başına keçəcəyi, Burak Yılmazın yenidən köməkçi vəzifəsinə qayıdacağı haqda xəbərlər yayılıb. Amma klub bir neçə gün öncə Burak Yılmazın ən azı dekabrdakı növbədənkənar prezident seçkisinə qədər baş məşqçi vəzifəsini icra edəcəyini rəsmən açıqlamışdı.
Bu arada Burak Yılmaz dünənki səhər məşqinin ardından jurnalistlərlə söhbət edərək həm 2 yeni məşqçinin gəlişi haqda, həm də növbəti tur baş tutacaq “Qalatasaray”a qarşı prinsipial derbidən danışıb:
“Mənim istəyimlə aramıza iki yeni məşqçi qatıldı. Hələ ki bu cür davam edəcəyik. İkisi də yaxından tanıdığım simalardı. Ötən mövsüm “Marsell” – “Lill” oyununu izləmək üçün Fransaya gedərkən orda Vukasla görüşüb söhbət etmişdim. Dəvəti dərhal qəbul edərək bura gəldikləri üçün ikisinə də təşəkkür edirəm. Bir daha deyirəm ki, bu, mənim istəyimlə oldu. Onların məsləhəti bizim üçün dəyərlidi. Hələ ki hər şey qaydasındadı. Derbiyə yüz faiz hazır vəziyyətdə çıxacağıq. Yetər ki, yığma üzvləri bura zədəsiz və sağlam şəkildə qayıtsınlar. Çox ciddi və istəkli şəkildə çalışırıq. Ən yaxşısını etməyə çalışacam. Futbolçu karyeramda qarşıma çıxan çətinliklərin öhdəsindən gəlməyi bacarırdım. Məşqçilik tam fərqli sahə olsa da, yenə də özümə və köməkçilərimə güvənirəm. Təbii ki, futbolçularıma da. Birləşməyi bacarsaq, çətinliyin öhdəsindən gələcəyik. Fernandeşlə Salih Uçanın ağrıları davam edir. Tibbi personalımız onları derbiyə yetişdirmək üçün əlindən gələni edir. “Beşiktaş” böyük camiədi. Onlar oyuna çıxa bilsələr, əla olar. Amma oynaya bilməsələr belə, onları əvəzləyəcək futbolçularımız var. Bədbinliyə qapılmaq üçün heç bir əsas yoxdu”.