Premyer liqanın son turunda “Neftçi”nin əzəli rəqibi “Qarabağ”a məğlubiyyətinə reaksiya verənlərdən biri də avqustda yaranan “Neftçi Azarkeş Dərnəyi”di (NAD).
Dərnəyin oyunsonrası bəyanatı “Forza Neftçi” ilə müqayisədə daha əhatəli idi. Bəyanatda “Forza Neftçi” ilə klub arasında yaranmış anlaşmazlığa da toxunulub:
“Neftçi” - “Qarabağ” oyununda baş verən hadisə klub nümayəndələrinin kommunikasiya işini düzgün təşkil etməməsi nəticəsində baş verib. Gələcək oyunlarda bu istiqamətdə səmərəli və peşəkar təşkilatlanma olmasını tələb edirik”.
Dərnək bəyanatda “Neftçi” rəhbərliyinə tələblərini də çatdırıb. NAD-ın mövqeyini dəqiqləşdirmək üçün rəhbəri Kənan Hənifəyevlə əlaqə saxladıq:
“Oyundan sonra “Neftçi” rəhbərliyinin bir neçə nümayəndəsi ilə danışdıq. Onlarla söhbət zamanı komandanın indiki vəziyyətini, problemlərini vurğulayaraq dərnəyimizin mövqeyini ortaya qoyduq. Yaydığımız bəyanatda klubdan tələblərimizi 6 bənddə çatdırmışıq. Qarşıdakı periodda bu tələblərin bir-bir yerinə yetirilməsi üçün “Neftçi” ilə ünsiyyətdə olacağıq. Görüşdə bizə söz verdilər ki, növbəti ev oyunlarında tribunalarda hansısa problemin yaranmaması üçün tədbirlər görüləcək. Komandanın performansı ilə bağlı məsələlər isə heç də ürəkaçan deyil. Mutu ilə uzun məsafə qət edəcəyimizi düşünmürük. İndiyə qədər əldə edilən nəticələr çox uğursuzdu. Bundan sonrakı vaxtda da uğurlu olacağını gözləmirik. Mutu artıq göstərib ki, məşqçilik keyfiyyətləri “Neftçi”ni yaxşı mövqelərə gətirmək üçün kifayət eləmir. Normalda yaxşı məşqçilərə komandanı öz sisteminə uyğunlaşdırmaq üçün cəmi bir-iki ay bəs edir. Fikrimcə, Adrian Mutu mövsümün sonunda yox, elə qış fasiləsində klubdan ayrılacaq. Bu fikirləri həm bəyanatımızda əks etdirmişik, həm də klub rəsmiləri ilə görüşdə səsləndirmişik”.
Kənan Hənifəyev “Forza Neftçi” azarkeş qrupunun tribunaları erkən tərk etməsi, pankart problemi ilə bağlı da ətraflı danışdı:
“Oyunu mən də stadiondan canlı izləyirdim. Həmin pankartın hazırlanmasında qrupun bütün üzvlərinin əməyi və diqqəti var idi. Pankart böyük oyuna böyük bir gözəllik qatacaqdı. Deyə bilərəm ki, əsas problem pankartın vaxtında açılmaması ilə bağlı idi. Bildiyiniz kimi, tribunalarda hansısa pankart və ya banner oyunun start fitinə qədər açılıb, təhvil verilməlidi. Bu proses ən azı oyunun başlamasına 5 dəqiqə qalana qədər başa çatdırılmalıdı. Təəssüf ki, "Neftçi"dən gələn razılıq gecikdiyi üçün pankartı vaxtında aça bilmədik. Halbuki klub rəhbərliyinə vaxtında pankartla bağlı məlumat vermişdik. Biz tribunada olarkən polislər dedilər ki, hələ heç bir icazə yoxdu. Onlar PFL-dən rəsmi icazə gözlədiklərini bildirdilər. Bunu nə qədər doğru olduğunu bilmirik. Bu məsələlər klub tərəfindən idarə olunur. Doğrudu, klub yaranmış problemlə bağlı azarkeşlərdən üzr istədi. Lakin biz tələb edirik ki, bu məsələlər tədbirlərin təşkili zamanı bütün qurumlar tərəfindən vəhdət şəklində idarə olunsun. Onsuz da ölkə çempionatında stadiona gələn azarkeşlərin sayı azdı. Biz azarkeşlər qeyri-qanuni heç nə etmirik. Etdiyimiz hər şey futbola gözəllik qatır. Ümid edirik ki, qurumlar bunu nəzərə alaraq gələcəkdə belə problemlərin yaranmaması üçün tədbirlər görəcək".
ADİL NƏHMƏTLİ