Emin Əfəndi azarkeşlərdən üzr istədi

12.10.2023 15:36 237
Aktual / Ölkə futbolu
Premyer liqanın 9-cu turunun "Neftçi" - "Qarabağ" oyununda ölkənin fəal azarkeş qruplarından "Forza Neftçi"nin stadionu erkən tərk etdiyini yazmışdıq.

Qrup bəyanatında bildirmişdi ki, polislər onlara pankart açmağa icazə vermədiyindən bu addımı atıb. "Forza Neftçi"nin fəal üzvləriylə əlaqə saxlayıb fikirlərini öyrənmişdik. Onlar həm komandanın məğlubiyyətinə, həm də pankart məsələsinə görə əsəbləşmişdilər. Azarkeş qrupu bəyanatında da bildirmişdi ki, pankartın hazırlanması üçün günlərlə əziyyət çəkib, sonda "Neftçi" rəhbərliyinə məlumat versələr də, stadionda yaşanan vəziyyətlə bağlı klub rəhbərliyindən heç bir dəstək görməyiblər. Qarşı tərəfin fikirlərini öyrənmək məqsədilə "ağ-qaralar"ın mətbuat katibi Emin Əfəndi ilə əlaqə saxladıq. Emin Əfəndi məsələni elə oyun günündən etibarən yaxından izlədiyini desə də, klubun mövqeyi ilə bağlı ətraflı məlumat vermək istəmədi:

"Baş verən hadisədən təfərrüatı ilə xəbərdaram. Biz artıq azarkeşlərdən üzr istəmişik. Əlavə məlumata ehtiyac olmadığını düşünürəm".


"Forza Neftçi"nin bəyənat mətnindən belə bəlli oldu ki, yaşanan halla bağlı birbaşa klub rəhbərliyinin məsuliyyət daşıdığını düşünürlər. Təəssüf ki, "Neftçi" azarkeşlərin iradları ilə bağlı mövqeyini lazımi şəkildə ortaya qoya bilmədi. Emin Əfəndinin azarkeşlərdən üzr istədiyi açıqlama isə bu şəkildədi:

"Hazırda “Neftçi” klubunda bütün sahələr üzrə idarəetmə sistemində islahatlar gedir və yenidənqurma işləri aparılır. Azarkeşlərlə əlaqə üzrə istiqamətdə diskommunikasiya yarandığı üçün “Neftçi” azarkeşlərindən üzr istəyirik və gələcəkdə bu kimi problemlərin yenidən yaranmaması üçün səylə çalışırıq".


ADİL NƏHMƏTLİ