PSJ ziqzaqvari çıxışın ardından qələbə yoluna qayıdıb.
“Football-plus.az” xəbər verir ki, paytaxt klubu “Marsel”i darmadağın etməklə yenə də çempionluğa əsas namizəd olduğunu göstərdi. Bir neçə gün əvvələ qədər lider olan “Monako” isə evdə “Nitsa”ya uduzdu. Təbii ki, turnir cədvəlinin indiki mənzərəsi tezliklə dəyişikliyə uğrayacaq. “Brest”in liderliyi təəccüb doğurur.
PSJ əsas rəqiblərindən sayılan “Marsel”i yerlə yeksan etdi. Çempion oyuna fəal başladı və bunun məntiqi nəticəsi kimi artıq 8-ci dəqiqədə Hakimi hesabı açdı. Hətta Mbappenin 32-ci dəqiqədə zədə üzündən meydanı tərk etməsi də parislilərin əhvalını pozmadı. Cəmi 5 dəqiqə sonra Kolo Muani yeni klubunda qol hesabını açdı. “Marsel” ilk yarıda yalnız bir təhlükəli vəziyyət yaratdı ki, onda da Vitinya Klaussun əla asmasını qolla tamamlaya bilmədi. Qonaqların mümkün geridönüşlə bağlı ümidləri 2-ci hissənin əvvəlində “dəfn olundu”. Bu dəfə Ramuş Dembelenin cinah keçidindən sonra fərqləndi. Artıq aydın idi ki, “Marsel” mövsümdə ilk məğlubiyyətdən qurtula bilməyəcək. Amma Ramuş sonda daha bir qol vurmaqla hesab arasındakı fərqi biabırçı həddə çatdırdı.
“Monako” – “Nitsa” oyununa da “mərkəzi” təyinini yapışdırmaq olardı. Qonaqlar bu oyundakı qələbəyə görə Boqanın 90+1-ci dəqiqədə vurduğu qolla yanaşı, “knyazlar”ın hücumçusu Baloquna da təşəkkür etməlidi. O, həm 11-ci, həm də 55-ci dəqiqədə penalti nöqtəsinə yaxınlaşdı və hər iki dueldə qapıçıya uduzdu. Özü də bu penaltilər maraqlı məqamlarla müşayiət olundu. Baloqun 11-ci dəqiqədə Qolovinə qarşı kobudluğa görə təyin olunan penaltini boşa verəndə kameralar dərhal ehtiyat oyunçular skamyasında qərarlaşan Ben Yedderi göstərdi. Axı Ben Yedder start heyətindəki yerini məhz Baloquna uduzub. 55-ci dəqiqədə - Minaminoya qarşı kobudluğa görə “Nitsa”nın qapısına növbəti penalti təyin olunanda tribunalar birağızdan yaponiyalının adını qışqırmağa başladı. “Nöqtə”yə yenə Baloqun yaxınlaşdı və bu dəfə zərbəni əvvəlkindən də bərbad yerinə yetirdi. “Vurmayana vurarlar” prinsipi 1-ci uzatma dəqiqəsində işə düşdü. Boqa cinah keçidini qolla tamamladı. Mövsümdə ilk məğlubiyyət “Monako”ya liderliyi itirmək bahasına başa gəldi. Fevraldan bəri ilk dəfə çempionatda ardıcıl iki qələbə qazanan “Nitsa” artıq “knyazlar”dan öndədi.
Zirvədə isə “Brest” qərarlaşıb. Erik Ruanın çalışdırdığı komanda Munyenin 87-ci dəqiqədə vurduğu qolla “Lion”u məğlub etdi. Turun qalan oyunlarına gəlincə, “Havr” – “Klermon”, “Lans” – “Tuluza” oyunlarında eyni hesab (2:1) qeydə alındı. Yalnız “Monpelye” – “Renn” oyununda hesab açılmadı. “Mets” evdə “Strasbur”a uduzdu. 8 qolun vurulduğu “Nant” – “Loryan” oyununda isə meydan sahibləri sevindi.
6-cı tur
Monako – Nitsa 0:1
Boqa, 90+1. (10075)
Monako: Ken, Maqassa (Maripan, 90+4), Sinqo, Venderson, Zakariya, Kamara (Matazo, 81), Fofana, Enrike (Yakobs, 82), Qolovin, Minamino (Boadu, 90+4), Baloqun (Ben Yedder, 67).
Nitsa: Bulka, Bar, Dante, Todibo, Lotomba (Atal, 90+2), Sanson (Rosario, 64), Ndaişimay, Türam, Diop (Boqa, 64), Moffi (Gessand, 78), Lyabord (Balde, 78).
PSJ – Marsel 4:0
Hakimi, 8. Kolo Muani, 37. Ramuş, 47; 89. (47000)
PSJ: Donnarumma, Ernandes (Pereyra, 69), Şkrinyar, Markinyos, Hakimi (Mukiele, 82), Zair-Emeri, Uqarte, Barkola (Soler, 82), Mbappe (Ramuş, 32), Kolo Muani, Dembele (Ruis, 69).
Marsel: Lopes, Balerdi (Meyte, 84), Jiqo, Mbemba, Kloss (Nadir, 84), Unai (Arit, 46), Ronjye, Veretu, Lodi, Obameyanq (Korrea, 75), Vitinya (Ndiaye, 46).
Nant – Loryan 5:3
Ablin, 42. Comərt, 46. Məhəmməd, 55. Molle, 83. Simon, 90+9-p. – Krupi, 6. Fevr, 76. Ayequn, 85. (30704)
Brest – Lion 1:0
Munye, 87. (14636)
Mets – Strasbur 0:1
Diarra, 83. (26661)
Havr – Klermon 2:1
Aliui, 4. Bayo, 7 – Konate, 45+2. (18500)
Lans – Tuluza 2:1
Said, 45+2. Gilyavoqi, 84 – Helabert, 33. (37506)
Monpelye – Renn 0:0
(15430)
“Lill” – “Reyms” oyunu bu gün keçiriləcək.
1. Brest 6 4 1 1 8-6 13
2. Nitsa 6 3 3 0 8-4 12
3. PSJ 6 3 2 1 14-6 11
4. Monako 6 3 2 1 15-8 11
5. Strasbur 6 3 1 2 7-8 10
6. Havr 6 2 3 1 10-7 9
7. Marsel 6 2 3 1 7-8 9
8. Renn 6 1 5 0 10-6 8
9. Nant 6 2 2 2 11-11 8
10. Lill 5 2 2 1 7-7 8
11. Mets 6 2 2 2 7-10 8
12. Reyms 5 2 1 2 9-7 7
13. Monpelye 6 1 3 2 9-9 6
14. Loryan 6 1 3 2 10-12 6
15. Tuluza 6 1 3 2 6-8 6
16. Lans 6 1 1 4 6-12 4
17. Lion 6 0 2 4 3-11 2
18. Klermon 6 0 1 5 5-12 1
Bombardirlər: Mbappe (PSJ) – 7, Məhəmməd (Nant) – 5, Ben Yedder (Monako), Aliui (Havr) – 4.
Növbəti turun oyunları sentyabrın 29-u – oktyabrın 1-i aralığında keçiriləcək: Strasbur – Lans, Klermon – PSJ, Monako – Marsel, Reyms – Lion, Havr – Lill, Nitsa – Brest, Tuluza – Mets, Loryan – Monpelye, Renn – Nant.
Turun rəqəmi
2 – Baloqun “Nitsa” ilə oyunun hər hissəsində bir penaltini boşa verdi.
Maraqlıdı ki, Fransa çempionatında hansısa futbolçunun bir oyunda iki penaltini qaçırmasına sonuncu dəfə 16 il əvvəl təsadüf olunub. Onda “Oser”in forvardı Maulida belə bəxtsizliklə üzləşmişdi.
Turun ulduzu
Qonsalo Ramuş (PSJ) – bəlkə də Mbappe meydanda qalsaydı, qol hesabını daha da artıracaqdı. Amma reallıq budu ki, portuqaliyalı hücumçu məhz fransalı ulduzun əvəzinə oyuna qoşulandan sonra dublla yadda qaldı.
Turun sitatı
Samüel Jiqo, “Marsel”in müdafiəçisi: “Çox tez qol buraxdıq və bununla da planımız iflasa uğradı. PSJ-yə qarşı derbiyə çıxmısansa, belə həvəssiz oynamaq olmaz. Rəqibə hədsiz çox hörmət etdik. Hə, əlbəttə, onların yaxşı oyunçuları var... Ancaq 2-ci hissədə bizdən heç kimin ... çatmadı. Cəmi bir və ya iki epizod oldu ki, oyunun axarını çevirə bilək. Belə oyunlarda özünə bəraət qazandırmaq üçün şansın yoxdu. Bu gün bizi açıq-aşkar üstələdilər”.