Turun mərkəzi oyununda PSJ ilə “Lans” qarşılaşdı.
"Football-plus.az" xəbər verir ki, Luis Enrikenin komandası mövsümdəki ilk qələbəsini vitse-çempion üzərində qazandı. İlk iki oyunda qələbə qazanan “Monako” “Nant”la səfər oyununda xal itirdi. İddialılardan “Marsel” “Brest”in öhdəsindən gəldi, “Lion” isə heç-heçə ilə kifayətləndi.
“Park-de-Prens”də ötən mövsümün ən güclüləri üz-üzə gəldi. Cari mövsümdə ilk dəfə start heyətində görünən Mbappe sol vinger kimi oynadı. Təbii ki, PSJ bu oyunun favoriti sayılırdı. Parislilər ənənəvi şəkildə topa nəzarət edirdi. Mbappe fərdi hərəkətlər hesabına fərqlənməyə çalışsa da, onun ən yaxşı formasından uzaq olduğu aşkar görünürdü. İlk yarım saat PSJ-nin ərazi üstünlüyü şəraitində, ancaq təhlükəli vəziyyətlərsiz keçdi. Hissənin sonunda ardıcıl künc zərbələri oldu. Nəhayət, 45-ci dəqiqədə hesab açıldı. Mbappe, Vitinya və Zair-Emerinin də qatıldığı kombinasiyanı Asensio bitirdi. 52-ci dəqiqədə çempion fərqi artırdı. Ernandes Mbappeni zərbə mövqeyinə çıxardı, o da yaxın “9-luğ”u nişan aldı. Uzatma dəqiqələrində komandalar hərəyə bir qol vurdu. Əvvəlcə Mbappe dublu rəsmiləşdirdi, ardından Gilavoqi “Lans”ın təsəlli qoluna imza atdı. Bu komandalar arasındakı ardıcıl 3-cü oyun 3:1 hesabıyla bitdi. Ötən mövsüm PSJ də, “Lans” da evdə bu hesabla qalib gəlmişdi.
“Nant”ın qonağı olan “Monako” ardıcıl 3-cü qələbəyə can atırdı. Komandalar kəşfiyyata vaxt sərf etmədi. Artıq 5-ci dəqiqədə Məhəmməd penalti zərbəsi ilə hesabı açdı. 15-ci dəqiqədə Kastelleto fərqi artırdı. “Knyazlar” 27-ci dəqiqədə qollardan birinin əvəzini çıxsalar da, 2-ci hissə başlayan kimi Məhəmməd yenə sözünü dedi. Amma “Monako” məğlubiyyətdən qaça bildi. Ben Yedderlə Boadunun vurduğu qollar məhsuldar heç-heçəyə səbəb oldu – 3:3.
“Brest”i qəbul edən “Marsel” artıq 4-cü dəqiqədə hesabı açdı. Veretunun ötürməsindən sonra mərkəz müdafiəçisi Mbemba fərqləndi. Qonaqların hesabı bərabərləşdirmək üçün çoxlu şansı olsa, qol vəziyyətləri boşa verildi. “Marsel”in qapıçısı Lopes də inamlı oynayırdı. 2-ci hissədə meydan sahibləri bir qədər də fəallaşdı. 65-ci dəqiqədə Sarr fərqi artırdı. “Brest” təslim olmadı və sona qədər mübarizə apardı. “Marsel” qapını toxunulmaz saxlamaq üçün xeyli əziyyət çəkdi və 2:0-ı qorumağı bacardı.
“Nitsa” və “Lion” isə azarkeşlərini qolla sevindirə bilmədi. Oyun “qartallar”ın aşkar üstünlüyü şəraitində keçdi. Françesko Fariolinin komandası rəqib qapısına 21 zərbə vursa da, heç cür fərqlənə bilmədi. “Lion” nadir hallarda əks-hücumlar qururdu. Oyunun sonluğu çox qızğın mübarizə şəraitində və emosional keçdi, qolsuz heç-heçə isə Loran Blanın komandasına sərf etdi.
“Monpelye” – “Reyms” oyunu da məhsuldar alındı. Əl-Tamarinin ilk yarının sonunda vurduğu qol meydan sahiblərini ümidləndirsə də, Teuma 56-cı dəqiqədə fərqi artırmaqla “Reyms”in qələbəsinə şübhə yeri qoymadı.
“Loryan” gözlənilmədən “Lill”i darmadağın etdi. Aberjel artıq 9-cu dəqiqədə hesabı açdı. Qonaqlar oyuna mərkəzdən başlayan kimi “Loryan” topu ələ keçirdi və bu hücum da Ponsonun qolu ilə bitdi. “Şimallı itlər” belə sərt zərbədən yalnız 2-ci hissədə ayılaraq fərqi azaltdılar. Ancaq “Loryan”ın 5 dəqiqə ərzində vurduğu iki qol onların müqavimətini qırdı. Turun qalan oyunlarına gəlincə, “Strasbur” evdə “Tuluza”nı, “Mets” səfərdə “Klermon”u məğlub etdi, “Renn” – “Havr” oyununda məhsuldar heç-heçə (2:2) qeydə alındı.
3-cü tur
PSJ – Lans 3:1
Asensio, 45. Mbappe, 52; 90+1 – Gilavoqi, 90+5. (47000)
PSJ: Donnarumma, Ernandes (Pereyra, 83), Şkrinyar, Markinyos, Hakimi, Zair-Emeri (Soler, 85), Uqarte, Vitinya, Mbappe, Asensio, Dembele (Ruis, 80).
Marsel – Brest 2:0
Mbemba, 4. Sarr, 65. (63592)
Marsel: Lopes, Jiqo, Kloss, Lodi, Mbemba, Ronjye, Veretu, Arit (Muqe, 49), Sarr (Genduzi, 80), Ndiaye (Vitinya, 65), Obameyanq.
Nant – Monako 3:3
Məhəmməd, 5-p.; 48. Kastelleto, 15 – Minamino, 27. Ben Yedder, 59. Boadu, 86. (28429)
Monako: Ken, Maqassa (Boadu, 85), Zəkəriyə, Sinqo, Vanderson (Diatta, 74), Fofana, Kamara, Enrike, Qolovin, Ben Yedder, Minamino.
Renn – Havr 2:2
Blyas, 10. Vu, 24 – Aliui, 40; 70. (28311)
Klermon – Mets 0:1
Mikautadze, 69. (9146)
Monpelye – Reyms 1:3
Əl-Tamari, 45+3 – Abdelhamid, 8. Teuma, 41; 56. (14476)
Strasbur – Tuluza 2:0
Emeqha, 52. Belqard, 89. (25090)
Loryan – Lill 4:1
Aberjel, 9. Ponso, 10. Fevr, 62. Le Qoff, 67 – Devid, 55. (15101)
Nitsa – Lion 0:0
(28033)
1. Monako 3 2 1 0 10-5 7
2. Marsel 3 2 1 0 6-3 7
3. Reyms 3 2 0 1 6-3 6
4. Brest 3 2 0 1 5-5 6
5. Strasbur 3 2 0 1 4-4 6
6. Renn 3 1 2 0 8-4 5
7. Loryan 3 1 2 0 5-2 5
8. PSJ 3 1 2 0 4-2 5
9. Monpelye 3 1 1 1 7-6 4
10. Lill 3 1 1 1 4-5 4
11. Tuluza 3 1 1 1 3-4 4
12. Mets 3 1 1 1 4-7 4
13. Nitsa 3 0 3 0 2-2 3
14. Havr 3 0 2 1 5-6 2
15. Lans 3 0 1 2 4-7 1
16. Nant 3 0 1 2 4-7 1
17. Lion 3 0 1 2 2-6 1
18. Klermon 3 0 0 3 2-7 0
Bombardir: Ben Yedder (Monako) – 4.
Növbəti turun oyunları sentabrın 1-3-ü aralığında keçiriləcək: Nant – Marsel, Brest – Renn, Monako – Lans, Tuluza – Klermon, Havr – Loryan, Lill – Monpelye, Mets – Reyms, Nitsa – Strasbur, Lion – PSJ.
Turun rəqəmi
300 – dubl edən Mbappe PSJ-nin heyətində məhsuldar hərəkətlərinin sayını 300-ə çatdırdı, hətta bu həddi keçdi də. İndi onun hesabında 215 qol və 86 ötürmə var. 262-ci dəfə paytaxt klubunun formasını geyən gənc hücumçunun bura 2017-də “Monako”dan keçdiyini də xatırladaq.
Turun ulduzu
Kilian Mbappe (PSJ) – ideal formada olmayanda da dubl etməyi bacarır. Düzdü, hesabat turunda “Nant”dan Məhəmməd, “Havr”dan Aliui, “Reyms”dən Teuma da dubl etdi. Ancaq PSJ – “Lans” oyununun statusu başqadı. Bu üzdən biz Kilianı seçdik.
Turun sitatı
Nikolya Sarkozi, Fransanın sabiq prezidenti: “Mbappenin qalmasına görə sevinirəm. Düşünürəm ki, bu, onun özü, klubu və Fransa yığması üçün doğru qərardı. Nasser Əl-Xelayfi PSJ-də əla çalışır. Düşünürəm ki, o, tezliklə bu məsələ ilə bağlı danışacaq”.