AFFA İntizam Komitəsinin məcəlləsində ciddi dəyişikliklər olub.
Yeni qaydalarla bağlı yaxın günlərdə kitab dərc olunacaq. Bundan başqa, İntizam Məcəlləsi ilə bağlı bütün məqamları AFFA-nın rəsmi saytından əldə etmək mümkündü. Bəs məcəllədə hansı dəyişikliklər var? Yeniliklər Azərbaycan futboluna necə təsir edəcək? Bu istiqamətdə suallarımız çoxdu. Belə deyim var ki, işi peşəkarından daha dəqiq öyrənmək olar. Bunu əsas götürərək AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxladıq.
- Erkin müəllim, ötən il AFFA-nın İntizam Məcəlləsində 2023/24 mövsümündə əsaslı dəyişikliklər olacağı barədə məlumat vermişdiz. Yeniliklər nədən ibarətdi?
- İntizam Məcəlləsinin yenidən işlənib hazırlanması günün tələbi idi. Açığı, burda olan maddələrin çoxunda, cəza və cərimələrdə bir çox uyğunsuzluqlar var idi. Bunları aradan qaldırmaq üçün İntizam Komitəsi məcəlləni lazımi səviyyəyə salmaq məcburiyyətində qaldı. İntizam Məcəlləsi qurumumuz və AFFA-da yaradılan komissiya tərəfindən işlənib hazırlandı. Komissiyanın tərkibinə PFL, Hakimlər Komitəsinin əməkdaşları və hüquqşünaslar cəlb edildi. Klublara təkliflərini yazılı şəkildə İntizam Komitəsinə göndərmək təklif olundu. Maddələr, demək olar ki, bir-bir nəzərdən keçirildi və ayrı-ayrılıqda mütəxəssislər tərəfindən təhlil edilərək yeniləndi. Məcəllədə olan maddələrə 50-dən çox əlavə edildi, bəzi cəza və cərimələrin sanksiyaları dəyişdirildi. İctimai asayişın pozulması, rəsmi şəxslərə qarşı törədilən pozuntular barədə cəza və cərimələr artırıldı, bəziləri isə azaldıldı. Əvvəl cərimənin aşağı həddi cəmi 5 manat idi. Bu da haqlı olaraq bəzi mütəxəssislərdə gülüş doğururdu. Yaxud bəzi xırda pozuntulara görə məcəllədə cərimə həddən artıq yüksək idi. Bu da klubların haqlı narazılığına səbəb olurdu. İclasa 1-2 dəqiqə gecikən nümayəndəyə, stadiona 5 dəqiqə gecikən təcili tibbi yardıma görə klub külli miqdarda cərimələnirdi. Məcəllənin formallığı bir sıra çətinliklər yaradırdı. Hər bir məsələ qanuna və məntiqə əsaslanmalıdı. Cəzanı cərimənin xətrinə vermək olmaz. Klubların nəzərinə çatdırmaq istərdim ki, yeni məcəllədə rəsmi şəxslərə verilən cəza və cərimələr bir qədər artırılıb. Buna klublar ciddi nəzarət etməlidi ki, sonda problemlərlə üzləşməsinlər. Bu ən aktual məsələlərdən biridi. Ümumiyyətlə, klub rəhbərləri intizam qaydalarına nəzarəti gücləndirməlidi. Bundan əlavə, məcəllədə stadionlarda oyunlar zamanı qapıların vaxtında açılması, sanitar qovşaqların təmizliyi, təhlükəsizliyin gücləndirilməsi, AFFA nümayəndələrinin nüfuzunun artırılması və başqa yeniliklər mövcuddu. Əvvəllər gənclər, futzal, qızlar liqası üzrə pozuntulara görə cərimə tətbiq olunmurdu. Bu məcəllədə bəzi məsələlərə aid bu liqalarda da cərimə sanksiyası nəzərdə tutulub. Məqsəd bu liqalarda pozuntuların artmasının qarşısını alaraq neqativ halları minimuma endirməkdi. Əsas hədəf futbolun inkişafıdı.
- Məcəlləyə yeni maddələrin əlavə olunduğunu söylədiz. Burda nələr əks olunur? Yeni maddələr hansı pozuntuları tənzimləyəcək?
- Çox maraqlı sualdı. Əvvəllər məcəllədə nəzərə alınmayan, əksini tapmayan, bir çox maddələrin olmamasına görə İntizam Komitəsi verilən qərarlarda çətinliklərlə üzləşirdi. Bunlara klublar tərəfindən haqlı iradlar bildirilirdi. Pozuntu var, lakin onu tənzimləyən maddə və sanksiya yoxdu. Buna görə də məcəlləyə bir çox pozuntulara aid futbol qaydalarını tənzimləyən maddələr əlavə olundu. Bu klubların intizam qaydalarına daha da ciddi yanaşmasına təsir etməlidi. Yeni maddələrdən bir neçəsini nəzərinizə çatdırmaq istərdim. Məsələn, oyunun son dəqiqələrində topdaşıyan uşaqların bilərəkdən vaxtı uzatması, PFL-in reklamlarının əsasnaməyə uyğun düzgün yerləşdirilməməsi, oyunçuların VAR monitoruna yaxınlaşıb hakimə epizoda baxmaqda maneə törədərək müdaxilə etməsi, əlillər üçün yerlərin ayrılmaması, rəsmi şəxslərin məsuliyyətinin artırılmasına aid qaydalar yox idi. PFL-in əsasnaməsinin 9-cu bəndinin pozulması əvvəlki məcəllədə cəmi bir, yəni 60-cı maddə ilə tənzimlənirdi. Bir çox pozuntular eyni məbləğlə cərimələnirdi. Bu da dediyim kimi, haqlı narazılıq doğururdu. Yeni məcəllədə bu bir neçə maddəyə bölünüb və hər pozuntu ayrı-ayrılıqda əksini tapıb. Hər bir pozuntuya görə cəza tədbiri nəzərdə tutulub. Pozuntuların yüngül-ağırlığı mütləq nəzərə alınmalıdı.

- Bəzi klublar cərimə və cəzaların çoxluğundan gileylənir. Bu sanksiyaların yeni məcəllədə yüngülləşdirilməsi və ya cərimələrin azalması nəzərdə tutulub?
- Bəli, bir çox maddələrdə yumşalmalar var. Klubların azarkeşlərin bəzi neqativ hərəkətlərinə görə küllü miqdarda cərimələr ödəməsinin şahidiydik. Beş-on nəfər söyüş söyür, klub buna görə hər dəfə 4000 manat cərimə ödəmək məcburiyyətində qalırdı. Bir xırda əşyanın meydanın kənarına atılması 1600, futbol formasında ad və soyadın yazılmamasına görə 3000 manat cərimə var idi. Düzdü, əsasnaməyə uyğun bu məsələlərə klub cavabdehlik daşıyır. Ancaq klub nümayəndəsi hər söyüş söyənə və meydana daş atana nəzarət edə bilməz. Bu reallıqdan kənardı. Bu səbəbdən də bəzi maddələrdə cərimə və cəzalardan əvvəl xəbərdarlıq nəzərdə tutulub. Lakin təəssüf hissi ilə qeyd etmək istərdim ki, bəzi klublar və liqalar intizam qaydalarına barmaqarası baxır. Öz işlərinə laqeyd yanaşır. Klublara təkliflərini İntizam Komitəsinə göndərmələri barədə xəbərdarlıq etməyimizə baxmayaraq, heç bir təklif gəlmədi. Bəzi klublar tərəfindən intizam qaydalarına nəzarət zəif olduğu üçün bir çox neqativ hallara rast gəlinir. Bir çoxları isə məcəllənin sanksiyaları ilə tanış deyil. İntizam Məcəlləsi, deyərdim ki, bir növ futbolun konstitusiyasıdı. Hakimlərin təzyiq və təhqirlərə məruz qalması, qeyri-idman hərəkətlərinin törədilməsi, stadiona ziyan vurulması dediklərimə aiddi. Bu hallar mütləq nəzərə alınmalı, hər klub intizam qaydalarına ciddi riayət etməlidi. Gənclər və Region Liqasında intizama nəzarət artırılmalıdı. Bölgə klublarında da vəziyyət ürəkaçan deyil. Həmin oyunlara da AFFA nümayəndələrinin təyinatı, nəzarətin güclənməsi məqsədəuyğun olardı. 1-ci və 2-ci liqalara diqqət maksimum artırılmalıdı. Çünki futbolun özülü bu liqalarda qoyulur.
- Danışılmış oyunlar barədə nə deyə bilərsiz? Bu maddə üzrə sanksiyalar həddən artıq sərt deyil ki?
- Danışılmış oyunlar futbolun ləkəsidi. Elə ləkə var ki, təmizlənmir. Təmizlənməyən, ləkəli hər bir şey atılmalıdı. Yəni bu ləkəyə bulaşan hansısa şəxs futboldan uzaqlaşmalıdı ki, başqalarını da ləkələməsin. Danışılmış oyunlarda iştirak edən futbolçu mənim aləmimdə oğrudu. Çünki o, kiminsə haqqını oğurlamış sayılır. Bu halların iştirakçısının cəzası bundan da ağır olmalıdı. Bu əqidə ilə meydana çıxan adam azarkeşlərin və futbolun düşmənidi. Bu mənim fikrimdi. Həvəslə oyunu izləyib sevimli komandana azarkeşlik edirsən, amma bilmirsən ki, bu matç sənin deyil, oyunu satanındı. Belə çıxır, sən saydığını say, gör “ağıllı oğlanlar” nə sayır. Bu bəla kökündən kəsilməlidi. Danışılmış oyunlar tam olaraq cinayət tərkibi yaradır. Bununla bütün futbol ictimaiyyəti ciddi məşğul olmalıdı. Çünki bu neqativ hallar idmanımıza böyük xələl gətirə bilər. Bu hərəkətə qol qoyanlar bilsinlər ki, harama halallıq yoxdu. Gec-tez bu əməllərin üstü açılır və əməl yiyəsi ömürlük futboldan uzaqlaşır. Atalar demişkən, örtülü bazar dostluğu pozar.
- İntizam Komitəsi ən çox hansı pozuntu faktları ilə üzləşir? Cəzadan sonra azalmalar baş verir?
- Komitəyə fərqli pozuntular barədə məlumatlar daxil olur. Ən çox meydana kənar əşyaların atılması, təhqirlər, pirotexniki vasitələrdən istifadə, azarkeşlər tərəfindən oturacaqlara ziyanvurma kimi pozuntulardı. Sevindirici haldı ki, bəzi cəzalardan sonra neqativ hallarda azalma var. Futbol teatr yox, emosiyalarla zəngin olan maraqlı idman növüdü. Ona görə belə hallara bütün dünya meydanlarında rast gəlinir. Futbolun özəlliyi də bundan ibarətdi. Futbolçunu azarkeşin nəfəsi qızdırır. Bundan əlavə, pozuntu faktlarının çoxu hakimlərə etirazlarla bağlıdı. Əlbəttə, tətbiq olunan cəza və cərimələr komandaların məsuliyyətini fərqli dərəcədə artırır. Klublarda intizam qaydaları ilə məşğul olan şəxslər bu işlərə ciddi yanaşmalıdı. Bəzi klublarımız İntizam Komitəsinin qərarlarından narazılığını dilə gətirir. Bütün futbol ictimaiyyətinə bildirmək istəyirəm ki, İntizam Komitəsi İntizam Məcəlləsinə, orda yer alan maddələrə və intizam qaydalarına, qanuna istinadla qərarlar qəbul edir. Bu qərarlar səsvermə yolu ilə, bir nəfər tərəfindən yox, kollegial şəkildə verilir. Oxuculara çatdırmaq istəyirəm ki, AFFA və PFL komitənin işinə müdaxilə etmir. Komitə tərəfindən çıxarılan qərarlar müzakirə mövzusu olmamalıdı. Çünki İntizam Komitəsi Avropanın bütün futbol qurumlarında olduğu kimi müstəqil orqandı və verdiyi qərarlara ancaq Apellyasiya Arbitraj Tribunalı tərəfindən baxıla bilər. Komitə tərəfindən çıxarılan qərarlarda heç bir qərəz yoxdu və ola da bilməz. Ancaq təəssüf ki, bəzi şəxslər qərarları yanlış müzakirə edərək ictimaiyyəti çaşdırır. Başverənlər futbol qaydalarını və onları tənzimləyən qanunları dürüst bilməmək səbəbindən olur. Bu yolverilməzdi. Bütün qərarlar, dediyim kimi, futbol qaydalarına əsasən verilir.
- Pozuntu faktları sizə kimlər tərəfindən daxil olur? Bu neqativ hallar komitə tərəfindən hansı yolla araşdırılır?
- Bu sual mənə tez-tez verilir. Səhv etmirəmsə, bu barədə nə vaxtsa bəzi fikirlərimi bildirmişəm. Hakimlərin, hakim-inspektorların, AFFA və klub nümayəndələrinin məlumatları, rəsmi KİV və ya sosial hesablardan götürülən məlumatlar yazılı şəkildə komitəyə daxil olandan sonra araşdırma başlayır. Əsas hakim, hakim-inspektor və AFFA nümayəndəsinin hesabatları əksi sübut olunana qədər həqiqi və dəqiq sayılır. Toplanan məlumatlar həftədə iki dəfə komitə üzvləri tərəfindən təhlil olunaraq, hər bir mübahisəli epizod monitorda baxıldıqdan sonra kollegial şəkildə qərar qəbul edilir. Ciddi pozuntuların araşdırılması klub nümayəndələrinin komitə iclaslarına dəvət olunaraq iştirakı ilə həyata keçirilir. Yalnız bundan sonra qərar qəbul edilir və mətbuatda oxuculara çatdırılır. Geniş araşdırmaya bəzən çox vaxt tələb olunduğundan qərarlar ləngiyə bilir. Əsas məsələlərdən birini də klubların və azarkeşlərin nəzərinə çatdırmaq istərdim. İntizam Komitəsi hakimlər barədə qərar vermək səlahiyyətində deyil. Maddə 18-də (hakimin qəbul etdiyi qərarın müzakirəsi) deyilir ki, referi tərəfindən qəbul edilən qərarlar qətidi və AFFA İntizam Komitəsi tərəfindən baxıla bilməz. Yalnız intizam sanksiyaları, referinin gözündən ciddi qayda pozuntusu yayındıqda heç bir tədbir görmədiyi təqdirdə tətbiq oluna bilər. Hakimlər barədə qərarı yalnız Hakimlər Komitəsi verə bilər. İntizam Komitəsinin qərarından razı olmayan tərəfin 15 gün müddətdə Apellyasiya Arbitraj Tribunalına şikayət etmək hüququ var. Bəzi hallarda ictimaiyyət komandalar tərəfindən İntizam Komitəsinin qərarlarından apellyasiya şikayət verildikdə bunu komitənin səhvi kimi qəbul edir. Belə fikirlər kökündən yanlışdı. Bu tam qanuni prosedurdu. Qaydalara əsasən belə də olmalıdı. Oxuculara çatdırmaq istərdim ki, Apellyasiya Arbitraj Tribunalının bütün heyəti yenilənib. Demək olar ki, əksəriyyəti hüquqşünasdı. Onlar da işlərini bir peşəkar kimi vicdanla yerinə yetirirlər.
(davamı olacaq)
İLKİN SULTANLI